Əvəz Ələkbərovun xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən qadının məhkəməsi davam etdirilib

Əvəz Ələkbərovun xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən qadının məhkəməsi davam etdirilib "Xalidə İsgəndərovanın həbs olunmasında müdafiə tərəfi maraqlıdır"
Hadisə
31 Avqust , 2016 17:05
Əvəz Ələkbərovun xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən qadının məhkəməsi davam etdirilib

Bakı. 31 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini qətlə yetirməkdə təqsirləndirilən Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxış edib.

Vəkil Abuzər Mütəllibov çıxışında bildirib ki, X.İsgəndərovanın həbs olunmasında müdafiə tərəfi maraqlıdır: "Ona görə ki, Xalidə İsgəndərova həbs olunsa, vərəsəlik hüququndan məhrum olacaq. Məhkəmədən xahiş edirəm ki, onun barəsində bəraət hökmü çıxarılsın".

Məhkəmənin növbəti iclası sentyabrın 5-nə təyin edilb.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında X.İsgəndərovaya 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabr ayında baş verib. 1964-cü il təvəllüdlü Füzuli Haqverdi oğlu İsgəndərov yaşadığı evin yaxınlığında amansızlıqla öldürülüb. Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisənin mərhumun həyat yoldaşı Xalidə İsgəndərova tərəfindən törədildiyi məlum olub. X.İsgəndərova şübhəli şəxs qismində saxlanılıb. Qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.
2015-ci il noyabr ayının 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda X.İsgəndərovanın vəkili vəsatətlə çıxış edib. O, cinayət işinin materialları ilə tanış olduqlarını, cinayəti zərərçəkənin həyat yoldaşı X.İsgəndərova tərəfindən törədilmədiyini və istintaq zamanı cinayət işinin sübutlarının saxtalaşdırıldığını, kobud səhvə yol verildiyini bildirib. Dövlət ittihamçısı çıxış edərək bildirib ki, qaldırılan vəsatət əsassızdır. Daha sonra hakimlər kollegiyası qərar verib. Qərara əsasən, vəsatət təmin edilib. Kobud qayda pozuntularının qeydə alınmasına görə iş istintaqa qaytarılıb. Həbs qətimkan tədbiri isə dəyişdirilmədən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi