Evə basqın edərək qətl törədən şəxs: "Gərək bunların hamısını "biçərdim"

Evə basqın edərək qətl törədən şəxs: "Gərək bunların hamısını "biçərdim" Bakı. 28 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda evə basqın edərək bir nəfəri qətlə yetirib, 2 nəfərə xəsarət yetirməkdə təqsirləndirilən Sənan Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
28 Noyabr , 2017 12:11
Evə basqın edərək qətl törədən şəxs: Gərək bunların hamısını biçərdim
Report

Bakı. 28 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda evə basqın edərək bir nəfəri qətlə yetirib, 2 nəfərə xəsarət yetirməkdə təqsirləndirilən Sənan Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirlən prosesdə zərərçəkmiş Mətanət Həsənova digər məhkəmə iclaslarına nə üçün gəlmədiyini açıqlayıb. O rayona getdiyini, səhhətində problemlər yarandığını söyləyib.

Daha sonra M.Həsənova ifadə verib. O bildirib ki, S.Məmmədovla qonşu olub: "Hadisədən əvvəl mərhum Mahirə Əliyeva bizə gəldi. Dedi ki, evdə pul var idi, yoxa çıxıb. Çox qorxmuşdu. Bildirirdi ki, Sənan onu öldürəcək. Mahirə tez-tez bizə gəlirdi. Bir müddət keçəndən sonra Sənan oradan köçüb getdi. Mahirə də mənim evimə köçdü. Hadisə günü Sənan gecə dostları ilə bizim evə gəldi. Mahirə məni səslədi ki, Sənanın xalası oğlu onu çağırır. Mən qapının yanına gələndə Sənan Mahirəyə yeddi bıçaq zərbəsi vurdu. Hadisə gözümün qabağında oldu".

M.Həsənova qeyd edib ki, hadisə zamanı oğlu hamamda olub, onun səsinə qapının yanına gəlib: "Sənan oğluma altı bıçaq zərbəsi endirib, məni də bir-neçə dəfə bıçaqladı".

Zərərçəkmiş söyləyib ki, hadisədən əvvəl mərhum Mahirə Əliyeva S.Məmmədov tərəfindən tez-tez döyüldüyünü bildirib.

S.Məmmədov qeyd edib ki, hadisədən əvvəl onun pulu yaşadığı evdən oğurlanıb: "Bunlar mənim pulumu oğurlamışdı. Bu barədə polisə də məlumat verdim. Sonra mənim yoldaşım Mahirəni rayona toya apardıqlarını dedilər. Polisdə məlum oldu ki, pulu Laçın Həsənovla birgə aparıblar".

M.Həsənova bildirib ki, hadisədən sonra S.Məmmədov müstəntiqə deyib ki, gərək bunların hamısını "biçərdim".

Məhkəmənin növbəti iclası dekabrın 12-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il iyunun 23-də gecə saatlarında Bakının Yasamal rayonu, İbrahim Əbilov 60 ünvanında (keçmiş "Sovetski") baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Həsənova Mətanət Ağamalı qızına məxsus evdə kirayə qalan 1989-cu il təvəllüdlü Əliyeva Mahirə Tofiq qızının keçmişdə münasibətdə olduğu S.Məmmədov 3 nəfərlə birlikdə həmin evə gəlib. S.Məmmədov və M.Əliyeva arasında şəxsi zəmində yaranmış münaqişəyə ev sahibəsi və onun oğlu 1991-ci il təvəllüdlü Həsənov Laçın Gülbala oğlu müdaxilə etmək istəyiblər. S.Məmmədov əvvəlcə ev sahiblərinə, daha sonra M.Əliyevaya bıçaq xəsarətləri yetirib.

Yaralılar 1 saylı kliniki tibbi mərkəzə yerləşdiriliblər. M.Əliyeva xəstəxanada ölüb.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü S.Məmmədov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi