Eurovison yarışması zamanı ölkədə terrorçuluq aksiyaları hazırlamaqda təqsirləndirilən şəxslərin kassasiya şikayətinə baxılıb

Eurovison yarışması zamanı ölkədə terrorçuluq aksiyaları hazırlamaqda təqsirləndirilən şəxslərin kassasiya şikayətinə baxılıb Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib
Hadisə
30 İyun , 2016 14:40
Eurovison yarışması zamanı ölkədə terrorçuluq aksiyaları hazırlamaqda təqsirləndirilən şəxslərin kassasiya şikayətinə baxılıb

Bakı. 30 iyun. REPORT.AZ/ Bu gün Ali Məhkəmədə Azərbaycanda keçirilən Eurovison yarışması zamanı ölkədə terrorçuluq aksiyalarını hazırlamaqda təqsirləndirilən Mehdi Padarov və digərlərinin kassasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Bu barədə "Report"a vəkil Fariz Namazlı məlumat verib.

O bildirib ki, hakim İnqilab Həsənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, 2012-ci ildə Bakıda keçirilən musiqi yarışması ərəfəsində keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) antiterror əməliyyatı keçirib. MTN-in İctimai Əlaqələr Mərkəzinin yaydığı məlumatda bildirilib ki, həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmaq məqsədilə təxribat-pozuculuq və terrorçuluq aksiyalarını planlaşdıran Vüqar Padarovun rəhbərlik etdiyi silahlı birləşmə zərərsizləşdirilib. Xüsusi təlim keçmiş, müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğular, həmçinin digər hərbi ləvazimatlarla təchiz edilmiş silahlı birləşmənin məqsədi Azərbaycanın bir sıra bölgələrində silsilə terrorçuluq hərəkətləri törətmək, ölkədə nəzarətsizlik və hakimiyyətsizlik əhval-ruhiyyəsi, əhali arasında çaşqınlıq və vahimə, etnik və dini zəmində qarşıdurma yaratmaq, sabitliyi pozmaq, beynəlxalq aləmdə respublikanın nüfuzuna xələl gətirmək, əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahların, məscidlərin, başqa dini konfessiyalara məxsus ibadət yerlərinin partladılması və digər təhlükəli aksiyaların törədilməsi olub. Eyni zamanda, hüquq-mühafizə orqanlarına silahlı basqınlar təşkil etməklə əməkdaşları öldürmək və inzibati binalarda olan silah-sursatı ələ keçirmək planlaşdırılıb. Rusiya Federasiyasının Dağıstan Respublikası ilə həmsərhəd rayonlarda və dağ-meşə massivlərində dəstəyə mənsub silahlı qrupların gizlənəcəyi, müvəqqəti yaşayacağı yerlərin, blindajların və qazmaların hazırlanması nəzərdə tutulub. Azərbaycan Respublikasının ictimai-siyasi həyatını ciddi təhdid edən həmin təhlükəli transmilli cinayətkar silahlı birləşmənin zərərsizləşdirilməsi, terrorçuluq hərəkətlərinin vaxtında qarşısının alınması üçün Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Bakı, Gəncə, Sumqayıt şəhərlərində, Qax, Zaqatala, Şəki, Qusar, Abşeron, Xaçmaz və Şabran rayonlarında irimiqyaslı xüsusi əməliyyatlar keçirilib. Bir sıra hallarda dəstə üzvləri tərəfindən silahlı müqavimətin qarşısı alınıb, o cümlədən Vüqar Padarov məhv edilib, silahlı birləşmənin əksər üzvləri tərkisilah edilərək tutulublar.

Dəstənin 29 nəfəri saxlanılıb. Onların içərisində Vüqar Padarovun qardaşı Mehdi Padarov da olub.

Bakı Ağır Cinayətlər Məhkəməsi 3 nəfərə ömürlük, 13 nəfər -15 il, digərləri isə 9-10 il müddətinə azadlıqdan məhrum edilib. M.Padarov isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan şəxslər apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb. Həmin qərardan kassasiya şikayəti verilib.

Son xəbərlər

Orphus sistemi