Erməni əsirliyində olmuş şəxs: “Mkrtiçyan mənə ağır işgəncə verib”

Erməni əsirliyində olmuş şəxs: “Mkrtiçyan mənə ağır işgəncə verib” “1992-ci ildə könüllü olaraq müharibəyə yollanmışam, bir il sonra - 1993-cü il sentyabrın 26-da mühasirəyə düşüb əsir götürüldüm”
Hadisə
23 İyun , 2021 13:35
Erməni əsirliyində olmuş şəxs: “Mkrtiçyan mənə ağır işgəncə verib”

“1992-ci ildə könüllü olaraq müharibəyə yollanmışam, bir il sonra - 1993-cü il sentyabrın 26-da mühasirəyə düşüb əsir götürüldüm”.

“Report”un xəbərinə görə, bunu Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclasındakı ifadəsində zərərçəkmiş Elman Hacıyev deyib.

O bildirib ki, əsirlikdə olanda L.Mkrtiçyan tərəfindən dəfələrlə işgəncələrə məruz qalıb: “Əsir düşən zaman o qədər döydülər ki, özümdən getmişdim. Ayılanda əllərim bağlı, boynum zəncirli Ağdərədə olduğumu gördüm. İki gün yalnız mənə yemək üçün kələm turşusu yedizdirdilər. Boynumdakı zənciri açmadılar ki, qaçaram. Sonra məni Şuşa türməsinə apardılar. İki ay orda saxladıqdan sonra Xocavənd rayonuna apardılar. Bizi Xocavənddə tikinti işlərində işlədirdilər. Lüdvik Mkrtiçyanı orda tanımışam. Xocavənddə ferma var idi, gecə ora heyvanlar üçün yem gətirildi. Başladıq onu boşaltmağa. Mkrtiçyan bir neçə adamla sərxoş vəziyyətdə əllərində avtomat bizi döyməyə başladı. Mən Mkrtiçyana dedim ki, “biz nə vaxtsa rastlaşarıq, cavabını verərəm”. Bu söz onun xoşuna gəlmədi, avtomatın qundağı və armaturla döyməyə başladı. Burnumu sındırdılar və atdılar palçığın içinə. Gözlərim həm döyülməkdən, həm də palçıqdan tutulmuşdu. Sonra məni yenə UAZ-a mindirib Şuşa türməsinə apardılar.

Əsirlikdə olduğum müddətdə seperatçı rejimin o vaxtkı “müdafiə naziri” Samvel Babayanın qardaşının evinin tikintisində fəhlə işlədirdilər. Füzuli və Ağdam rayonundan evləri söküb gətirirdilər, biz də daşıyırdıq, ustalar ferma tikirdilər. Oranı söküb gətirən də azərbaycanlı əsirlər olub. Xocavənddə iki donuz ferması, bir toyuq ferması və taxıl anbarı tikirdik. Hamısı Samvel Babayanın qardaşının idi. Erməni ustalar qışqırırdı ki, “palçıq gecikir”, Mkrtiçyan da hər dəfə gəlib məni avtomatla döyüb işgəncə verirdi. Gün ərzində 6 nəfərə bir çörək verirdilər, başqa heç nə”.

“Sonra bizi Karol Bayana ev tikmək üçün Xankəndinə gətirdilər. Onun evinin yanında Samvel Babayan üçün də 4 mərtəbəli villa tikdilər, biz də onlara fəhləlik edirdik. Ermənilər bizim qəbiristanlıqdan qara mərmərləri çıxarıb aparırdılar öz qəbirstanlıqlarında abidə düzəltdirirdilər. Qırmızı mərmərləri isə Samvel Babayanın villasının pilləkanında istifadə etdilər. Şuşa türməsində Lüdvik, Artur, Karen və digərləri işgəncə verirdilər. Bizə Mkrtiçyan bir-bir elektrik cərəyanı verirdi. Bir dəfə o, mənə elektrik cərəyanı verdi, sonra süpürgənin arxasına keçirilən taxta ilə vurub burnumu sındırdı. Mkrtiçyan məni türmənin qarşısına gətirdi. Metlaxları yerə palçıqsız düzdürdü. Dedi elə et ki, metlax tərpənməsin. O da mümkün deyildi, düz dayanmaq olmurdu. Mkrtiçyan da məni döyməyə başladı. Mkrtiçyan deyirdi ki, “birdən qaçmaq fikrinə düşərsən, onda səni işgəncələrlə öldürərəm”. O vaxt verilən işgəncələrdən indi də əziyyət çəkirəm. Dizlərimdə xəsarətlər qalır, böyrəklərimdəki ağrılara görə hər il müalicə alıram. Beynəlxalq Qırmızı Xaç Komitəsi Şuşa türməsinə baş çəkməyə gələndə bizə əvvəldən tapşırdılar ki, erməniləri və saxlanma şəraitini tərifləyək, əks halda axşam işgəncə verəcəkdilər. Biz də qorxumuzdan şikayət etmirdik”, - zərərçəkmiş bildirib.

Son xəbərlər

Orphus sistemi