Yuxarı

​Ərinin pullarını oğurlayaraq sevgilisinə verən qadının apellyasiya şikayətinə baxılıb

Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb

Bakı. 6 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində külli miqdarda oğurluqda təqsirləndirilən Yevlax rayon sakini Kənan Bəkirov və Səbinə Abdinovanın barələrindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb. Təqsirləndirilən şəxslərin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsi və Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2015-ci il aprel ayının 15-də Nağı Abdinovun evindən 90 min manat oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Kənan Bəkirov tutulub. Daha sonra məlum olub ki, əslində, oğurluğu N.Abdinovun həyat yoldaşı Səbinə Abdinova edərək, pulları sevgi münasibətlərində olduğu K.Bəkirova verib.

Hər iki şəxs Cinayət Məcəlləsinin 177.3.2-ci ( külli miqdarda oğurluq) maddəsi ilə ittiham olunublar.

2015-ci il dekabr ayının 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Bəkirov 9 il, S.Abdinova isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi