Bakı Apelyasiya Məhkəməsində ərini öldürməkdə təqsirli bilinən Şahanə Fəxrətovanın apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.
“Report” xəbər verir ki, hakim Əli Seyfəliyevin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib, baxış iclası martın 1-ə təyin edilib.
Qeyd edək ki, Şahanı Fəxrətova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə 2019-cu ilin ilyul ayında baş verib. 1986-ci il təvəllüdlü Ruslan Fəxrətov boğazını bıçaqla kəsərək intihar etməsi və qanaxmadan dünyasını dəyişməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
İstintaq araşdırmaları zamanı hadisənin intihar deyil, qətl olduğu ortaya çıxıb. Məlum olub ki, o, həyat yoldaşı Fəxrətova Şahanə Məstalı qızı tərəfindən qətlə yetirilib. Qadına Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.
1991-ci il təvəllüdlü Şahanə Fəxrətova 2012-ci ildən Ruslan Faxrətova ilə rəsmi nikahda olub. İttihama görə, 1986-cı il təvəllüdlü Ruslan Fəxrətov Şahanə Fəxrətovanın ona xəyanət etdiyini bildirib və rüsvay olmaqdan çəkinən qadın ərinin boyun və bel nahiyəsindən iki zərbə vuraraq onu qətlə yetirib.
Qadın isə ifadəsində bildirib ki, Ruslan onu bıçaqla vurmaq istəyərkən itələdiyinə görə, o xəsarət alıb.