​Elşad Abdullayevin qardaşının işində adı hallanan şəxs azadlığa buraxılıb

​Elşad Abdullayevin qardaşının işində adı hallanan şəxs azadlığa buraxılıb Qərardan narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib
Hadisə
9 İyul , 2016 09:36
​Elşad Abdullayevin qardaşının işində adı hallanan şəxs azadlığa buraxılıb

Bakı. 9 iyul. REPORT.AZ/ Nizami Rayon Məhkəməsində fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin işində adı hallanan baş nazirin müavininin sabiq köməkçisi Vaqif Əbdülhüseyn oğlu Hüseynin cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilməsi barədə verdiyi ərizəyə baxılıb.

“Report”un əldə etdiyi məlumata görə, məhkəmə V.Hüseynin ərizəsini təmin edib.

O, cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azadlığa buraxılıb. Qərardan narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas iyulun 12-nə təyin edilib. İşə hakim Əmir Bayramovun sədrliyi ilə baxılacaq.

M.Abdullayevin itkin düşməsi və digər faktlarla bağlı Baş Prokurorluqda istintaq olunan cinayət işi üzrə baş prokuror yanında yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri zamanı müəyyən edilib ki, ABU-nun sabiq rektoru E.Abdullayevin həmin universitetin fəaliyyətində aşkarlanmış nöqsanlara görə 2010-2011-ci tədris ili üçün tələbə qəbulu planını qanuni yolla əldə edə bilməyəcəyini güman etməsi səbəbindən universitetin fəaliyyətinin davam etdirilməsinə qanunsuz yollarla nail olmaq niyyətində olduğunu və rüşvət vermədə vasitəçi axtardığını bilən yaxın ünsiyyətdə olduğu baş nazirin müavininin sabiq köməkçisi V.Hüseyn E.Abdullayevin rüşvət kimi vermək istədiyi pul vəsaitini ələ keçirmək məqsədilə öz qulluq mövqeyindən istifadə edib. O, E.Abdullayevi inandıraraq, etibarından sui-istifadə etməklə və aldatmaqla ondan 2009-cu ilin avqust-oktyabr aylarında 1 milyon ABŞ dolları məbləğində nağd pulu hissə-hissə alıb ələ keçirərək dələduzluq edib.

V.Hüseyn cinayəti törədəndən sonra E.Abdullayevin ona qarşı edilən təzyiqlər nəticəsində sonuncuya vətəndaşlar Ənvər Əhmədovun, Əyyub Əzizovun və qeyrilərinin iştirakı ilə 2010-cu ilin aprelində ümumilikdə 600 min ABŞ dolları məbləğində pulu nağd şəkildə qaytarıb, 19 avqust 2011-ci il tarixdə isə Kipr Türk Respublikasında yaşayan oğlu Rəşad Hüseynə məxsus 465 min ABŞ dolları dəyərində ticarət obyektini E.Abdullayevin qardaşı İsmayıl Abdullayev və bacısı oğlu Azad Mürsəliyevin iştirakı ilə E.Abdullayevin adına rəsmiləşdirib.

İstintaqla həmçinin müəyyən edilib ki, E.Abdullayev 1 milyon ABŞ dolları məbləğində pul vəsaitini V.Hüseynə məhz rüşvət kimi müvafiq vəzifəli şəxsə çatdırılması məqsədilə verib, bununla belə sonuncu dələduzluq yolu ilə həmin vəsaiti ələ keçirtdiyinə görə E.Abdullayev iradəsindən asılı olmayan səbəblərdən rüşvət vermə cinayətini başa çatdıra bilməyib.

Törətdiyi cinayət əməlinə görə V.Hüseyn Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

2013-cü ilin may ayında isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Hüseyn 4 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi