Yuxarı

Elnur Nağızadə barəsində verilmiş şikayət əsasında cinayət işi başlanıb

Faktla bağlı araşdırmalar davam etdirilir

Bakı. 11 mart. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadə barəsində hüquq-mühafizə orqanlarına daxil olan şikayətlə bağlı Baş Prokuror yanında Korripsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

O bildirib ki, hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Xatırladaq ki, E.Nağızadədən iki nəfərin hüquq-mühafizə orqanlarına şikayət etməsi barədə xəbəri ilk olaraq “Report” yayıb. Belə ki, Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov şikayət ərizələrində 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar.

Qeyd edək ki, E.Nağızadə beş ildən artıq TQDK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. O bu ilin yanvar ayında vəzifəsindən azad edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi