“Əli və Nino” filminin çəkilişləri ilə əlaqədar İçərişəhərdə hərəkət məhdudlaşdırılacaq

“Əli və Nino” filminin çəkilişləri ilə əlaqədar İçərişəhərdə hərəkət məhdudlaşdırılacaq Çəkilişlər matrın 2-dən 14-dək davam edəcək
Hadisə
2 Mart , 2015 12:05
“Əli və Nino” filminin çəkilişləri ilə əlaqədar İçərişəhərdə hərəkət məhdudlaşdırılacaq

Bakı. 2 mart. REPORT.AZ/ Bakıda Qurban Səidin eyniadlı əsəri əsasında ekranlaşdırılan “Əli və Nino” filminin çəkilişləri başlayıb. Filmin çəkilişlərinin bir hissəsi mart-aprel aylarında İçərişəhərdə həyata keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə məlumatı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yayıb.

Filmin çəkilişləri ilə əlaqədar mart ayının 2-dən 14-ünə qədər İçərişəhərə avtomobillərin girişi və hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Martın 4-dən İçərişəhərin Qoşa Qala Qapısı girişindən nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq, Neftçilər prospekti tərəfindən olan girişdən isə giriş-çıxış yalnız İçərişəhərin sakinləri və elektron kart sahibi olan digər rezidentlər üçün açıq olacaq.

Çəkilişlər, əsasən İçərişəhərdə yerləşən Şirvanşahlar Saray Kompleksində, Qoşa Qala Qapısı meydanında və Asəf Zeynallı küçəsində aparılacaq.

Əsərdə dövrlə bağlı obraz və hadisələri dolğun canlandırmaq üçün həmin məkanlarda XIX əsrin sonu və XX əsrin əvvəllindəki Bakı mühitinə uyğun dekorasiyalar qurulacaq.

“Çəkilişlərlə əlaqədar İçərişəhərin sakinləri və qonaqları üçün yarana biləcək müvəqqəti narahatçılığın minimuma endirilməsi məqsədi ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən bütün lazımi tədbirlər görüləcək”, - açıqlamada bildirilib.

Son xəbərlər

Orphus sistemi