Eldar Sabiroğlu Prezident İlham Əliyevə təşəkkür edib

Eldar Sabiroğlu Prezident İlham Əliyevə təşəkkür edib "Mən oğlumun atdığı addımla heç vaxt razılaşmamışdım"
Hadisə
22 Yanvar , 2016 18:51
Eldar Sabiroğlu Prezident İlham Əliyevə təşəkkür edib

Bakı. 22 yanvar. REPORT.AZ/ "Oğlum Rüfətin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilib ev dustaqlığı ilə əvəz olunmasında Prezident İlham Əliyevin xidmətləri çox oldu. Dövlət başçısı bizə qayğı ilə yanaşdı. Məhkəmə də doğru qərar çıxardı. Mən həm Prezident İlham Əliyevə, həm də Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya təşəkkürümü bildirirəm". 

"Report" xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlu oğlu Rüfət Səfərovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsinə münasibət bildirərkən deyib. 

"Bir ata kimi çox sevinirəm. Düzdür, mən onun atdığı addımla heç vaxt razılaşmamışdım", - deyə E.Sabiroğlu qeyd edib.

Qeyd edək ki, yanvarın 22-də Binəqədi Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilmiş Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovun şikayəti əsasında məhkəmə keçirilib. Məhkəmə R.Səfərovun ev dustaqlığına buraxılması barədə iddiasını təmin edib və o, ev dustaqlığına buraxılıb.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, Rüfət Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb.

Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi