Yuxarı

Əkrəm Əylislidən DNT analizi üçün nümunə götürülüb

O, istintaqa dəvət edilib

Bakı. 8 aprel. REPORT.AZ/ Bu gün yazıçı Əkrəm Əylisli ifadə verməsi üçün istintaqa dəvət edilib.

Bu barədə "Report"a Ə.Əylislinin vəkili Elçin Sadıqov bildirib. O, müdafiə etdiyi Ə.Əylisi ilə birlikdə Hava Nəqliyyatında Polis İdarəsinin istintaq şöbəsində olub.

E.Sadıqov qeyd edib ki, Hava Nəqliyyatında Polis İdarəsinin istintaq şöbəsinin rəisi Vüqar Sərdarovun çağırışına əsasən ora gediblər: “Əkrəm Əylislinin əl barmaq izlərini götürdülər, şəklini çəkdilər və ağız boşluğunun hər iki tərəf dərinliyindən DNT analizi üçün nümunə götürdülər. İstintaq hərəkətləri iki saata yaxın çəkdi”.

Qeyd edək ki, Əkrəm Əylislinin barəsində istintaq orqanı başqa yerə getməməklə bağlı qətimkan tədbiri seçib. İstintaq dövründə yazıçı Bakı şəhərindən kənara çıxa bilməz. Yazıçıya Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib. İttihama görə, Əkrəm Əylisli 30 mart 2016-cı il tarixdə ictimai qaydanı pozub, söyüşlər söyüb, Dövlət Sərhəd Xidmətinin əməkdaşı, 1981-ci il təvəllüdlü Nihal Seyidovun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə birinə zərbə vurub. Əkrəm Əylisi aprelin 6-da istintaqa verdiyi ifadəsində ittihamları qəbul etməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi