Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib

Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib Bakı. 26 iyul. REPORT.AZ/ İyulun 26-da ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə 2018-ci ilin birinci yarısında ədliyyə orqanları tərəfindən görülmüş işlərin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.
Hadisə
26 İyul , 2018 23:29
Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib

Bakı. 26 iyul. REPORT.AZ/ İyulun 26-da ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə 2018-ci ilin birinci yarısında ədliyyə orqanları tərəfindən görülmüş işlərin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib. 

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən "Report"-a bildiriblər ki, nazir ulu öndər Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyasını uğurla həyata keçirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli tərəqqisinin təmin edildiyini vurğulayıb.

İclasda ölkə başçısının tapşırıqlarına uyğun olaraq, ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülmüş işlər ətraflı təhlil edilib. Məlumat verilib ki, 2018-ci ildə nazirlik tərəfindən iqtisadi inkişafa, əhalinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılmasına dair 550-dək normativ hüquqi akt layihəsi hazırlanıb, ictimai həyatın müxtəlif sahələrini tənzimləyən 960-dan çox belə akt hüquqi ekspertizadan keçirilib. 

Notariat orqanlarında 1,9 milyona yaxın notariat hərəkəti, habelə 151 minə yaxın vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib və bu əməliyyatlarla bağlı 22 milyon manata yaxın dövlət rüsumu və haqq ödənilib. Həmçinin daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə notariuslar tərəfindən təxminən 25 milyon manata yaxın vergi dövlət büdcəsinə köçürülüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 20 faiz çoxdur.

Diqqətə çatdırılıb ki, Azərbaycan brendi olan “ASAN xidmət” mərkəzlərində ədliyyə sahəsində də əhaliyə səmərəli xidmətlər göstərilir, həmin mərkəzlərdə verilən sənədlərin təxminən 43 faizi bu mərkəzlərdə fəaliyyət göstərən qeydiyyat və notariat orqanlarının payına düşür.

Vurğulanıb ki, ölkə başçısının tapşırıqlarına əsasən korrupsiyanın qarşısının alınması, şəffaflığın artırılması, müasir İKT-lərin tətbiqi üzrə mühüm işlər görülüb, nazirliyin elektron xidmətləri təkmilləşdirilərək onlardan istifadənin sayı 11 faiz artaraq 2,4 milyona çatıb.

Vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan və nazirlik tərəfindən dövlət qeydiyyatına alınmış qeyri-kommersiya təşkilatlarının ölkədə ümumi sayı 4300-ə yaxındır, KİV-lərin sayı isə 5200-dən çoxdur.

2018-ci ilin birinci yarısında nazirliyin məhkəmə ekspertizası mərkəzində 41 ekspert ixtisası üzrə 15200-dən çox iş icra olunub, ekspertlər 618 mindən artıq suala cavab verməklə qaldırılmış məsələlərin 99,8 faizini həll ediblər.

Qeyd edilib ki, yerli özünüidarə orqanlarının fəaliyyətinə inzibati nəzarət qaydasında 37 mindən çox bələdiyyə aktına baxılıb və nazirliyin təklifləri əsasında 700-dək akt ləğv edilib və ya dəyişdirilib, bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 2 min hektardan artıq torpaq sahəsi geri qaytarılıb. Həmçinin qanunvericiliyin tələblərini pozan bələdiyyə sədrləri barədə 51 inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 13 fakt üzrə materiallar isə prokurorluğa göndərilib. 

Ədliyyə Akademiyasında 2800-ə yaxın ədliyyə işçisi və digər hüquqşünas tədris kurslarına cəlb olunub, Akademiyanın Hüquq Klinikasında 200-ə yaxın aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib.

İclasda dövlətimizin başçısının “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası üzrə görülmüş işlər qeyd olunub.  Sərəncamın icrası ilə bağlı ötən ilin sonunda cinayət qanunvericiliyinə edilmiş əsaslı dəyişikliklərə uyğun olaraq 6500 şəxs barədə sənədlərə məhkəmələrdə baxılıb və məhkumların bir çoxunun cəza müddəti azaldılıb, yaxud cəzası daha yüngül cəza ilə əvəz edilib, 1550 məhkum isə cəzalardan azad olunub. 

Bununla yanaşı, azadlıqdan məhrumetməyə alternativ cəzaların səmərəli icrası məqsədilə yaradılmış Probasiya xidmətinin fəaliyyəti təmin edilib, məhkumlar üzərində elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb, bu məqsədlə elektron monitorinq xidməti istifadəyə verilib.

Son xəbərlər

Orphus sistemi