Yuxarı

DYP Ucarda gizli radarın quraşdırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib

“Kiminsə haradasa gizlənib çəkməyinə ehtiyac yoxdur”

Bakı. 9 iyun. REPORT.AZ/ Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakı-Qazax magistral yolunun Ucar rayonu ərazisində gizli radarların quraşdırlması ilə bağlı KİV-də yayılan məlumat və fotolara münasibət bildirib.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovniki Kamran Əliyev "Report"a deyib ki, həmin fotolar 6 il əvvəl yayılan fotolardır: "Hazırda bu tip radarlardan istifadə olunmur. Kiminsə haradasa gizlənib çəkməyinə ehtiyac yoxdur. Çünkü həmin ərazilərdə radarların mövcüd olduğunu bildirən nişanlar quraşdırılmalıdır. Bu gün KİV-də yayılan fotolar 6 il bundan öncə yayılmışdı. Yəni, bu fotolar yeni fotolar deyil. Bu fotolar 2010-cu il 19 avqust tarixində bəzi saytlarda yayımlanıb. Ola bilər ki, kimsə sensasiya axtarır və bunun üçün fotoları yenidən gündəmə gətirib. 6 il bundan əvvəl yayılan fotoları yeni fotolar kimi ictimaiyyətə təqdim etməyin nə mənası var?!"

K.Əliyev vurğulayıb ki, Azərbaycanda YPX avtomobilləri İ-patrul sistemi ilə təchiz olunandan sonra belə radarların quraşdırılmasına ehtiyac yoxdur:  "Qanunda da var ki, yaşayış məntəqələrində 50-200 metr məsafədə radarların olduğunu bildirən informasiya lövhələri quraşdırılır. Yaşayış məntəqələrindən kənarda isə radarların olduğunu bildirən informasiya lövhələri 150-300 metrə qədər məsafədə quraşdırılmalıdır". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi