DYP: Bakıda sürücülər arasında baş verən hadisə araşdırılır

DYP: Bakıda sürücülər arasında baş verən hadisə araşdırılır Bakı Şəhər Baş Polis İdarəsinin (BDYPİ) Dövlət Yol Polisi (DYP) İdarəsi paytaxt ərazisində sürücülər arasında baş verən hadisəyə münasibət bildirib.
Hadisə
579
27 Aprel , 2020 11:42
DYP: Bakıda sürücülər arasında baş verən hadisə araşdırılır

Bakı Şəhər Baş Polis İdarəsinin (BDYPİ) Dövlət Yol Polisi (DYP) İdarəsi paytaxt ərazisində sürücülər arasında baş verən hadisəyə münasibət bildirib.

İdarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov "Report"un sorğusuna cavab olaraq deyib ki, vətəndaş hadisə ilə bağlı aidiyyəti üzrə zəng edərək məlumat verib.

O qeyd edib ki, faktla bağlı araşdırmalara başlanılıb:

"Sosial şəbəkələrdə bu barədə videogörüntülər yayılıb. Həmin videogörüntülərlə əlaqədar araşdırılması və tədbirlərin görülməsi üçün biz də aidiyyəti üzrə məlumat vermişik. Çox güman ki, araşdırıldıqdan sonra nəticə barədə məlumat yayılacaq".

V.Əsədov əlavə edib ki, sürücülər arasında baş verən belə hadisə xoşagələn hal deyil: "Yəni vətəndaşlar və sürücülər bir-birlərinə qarşı belə özbaşına hərəkət etməməlidirlər. Qanun vətəndaşlar tərəfindən biri-birinə qarşı qaydaların pozulmasına görə irad tutulmasına icazə verir. Amma bu, hörmət şəkilində olmalıdır. Onlar bir-birini acılamamalıdır. Onu da deyim ki, xüsusən də hazırkı vəziyyətlə əlaqədar olaraq sürücülər təmkinli olmalıdırlar, kobudluğa yol verməməlidirlər. Sürücülər unutmasın ki, törədilən hər bir xəta kameralar vasitəsilə qeydə alınır və kimliyindən asılı olmayaraq, xəta törədən texniki vasitələrlə aşkarlandıqdan sonra barələrində inzibati tədbirləri də görülür".

Qeyd edək ki, sosial şəbəkələrdə aprelin 26-da Qaraçuxur qəsəbəsi Zığ-Mədən yolunda hərəkətdə olan avtomobilin arxasından gələn "Mercedes" markalı 99-RZ-878 qeydiyyat nişanlı avtomobilin sürücüsünün yüksək sürətlə hərəkət edərək ondan yol istəməsi barədə məlumat yayılıb.

Belə ki, qarşıdakı sürücünün yol vermədiyini görən "Mercedes"in sürücüsü səs siqnalı verərək onun qarşısını kəsib. O, daha sonra avtomobildən düşüb sürücünün yanına gələrək nalayiq söyüşlər söyməyə başlayıb. Üstəlik sürücüyə əl-qol ataraq hadisə yerindən qaçmağa başlayıb. Görüntünü qeydə alan sürücü bu barədə polisə şikayət edib.

Son xəbərlər

Orphus sistemi