Yuxarı

DSK: Keçən il Azərbaycanda 24 649 nəfər inzibati məsuliyyətə cəlb edilib

Birinci instansiya məhkəmələrində baxılan inzibati xətalara dair işlərin statistikası açıqlanıb
© Report

Bakı. 27 aprel. REPORT.AZ/ Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, 2016-cı ildə birinci instansiya məhkəmələrində inzibati xətalara dair 37490 işə baxılıb ki, bu da 2015-ci ilin göstəricisindən 13,6 faiz azdır.

Bu barədə “Report”a Azərbaycan Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, işlərdən 55,6 faizi idarəçilik qaydaları, 10,7 faizi ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat, 10 faizi yol hərəkəti qaydaları, 7,8 faizi sağlamlıq, 2,1 faizi gömrük qaydaları, 1,2 faizi iqtisadi fəaliyyət qaydaları, 0,9 faizi ticarət qaydaları, 0,7 faizi mülkiyyət əleyhinə olan, 1,0 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 10 faizi isə digər inzibati xətalarla bağlı olub.

2016-cı ildə baxılan işlərin 65,7 faizi üzrə inzibati məsuliyyət tədbiri tətbiq edilib, 21,6 faizinin icraatına xitam verilib, 12,3 faizi üzrə inzibati xəta törədən şəxslərin materialları əlavə yoxlanış üçün qaytarılıb, 0,4 faizi üzrə isə materiallar aidiyyəti üzrə göndərilib.

İnzibati məsuliyyət tədbiri tədbiq edilməsi haqqında qərarlara əsasən 24 649 nəfər (2015-ci illə müqayisədə 24,9 faiz az) inzibati məsuliyyətə cəlb edilib və onların 35,1 faizinə inzibati cərimə, 33,1 faizinə inzibati həbs, 24,2 faizinə fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, 3,3 faizinə xəbərdarlıq, 1,2 faizinə ictimai işlər, 3,1 faizinə isə digər tənbeh növləri tətbiq edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi