​Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunan şəxslərlə bağlı qayda təsdiqlənib

​Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunan şəxslərlə bağlı qayda təsdiqlənib Qaydanı Nazirlər Kabineti təsdiq edib
Hadisə
5 Mart , 2015 17:16
​Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunan şəxslərlə bağlı qayda təsdiqlənib

Bakı. 5 mart. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı preventiv tədbirlərin həyata keçirilməsi Qaydası"nı təsdiq edib.

"Report"un xəbərinə görə, bu qayda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı daxili işlər orqanlarının əməkdaşları tərəfindən preventiv tədbirlərin həyata keçirilməsi məsələlərini tənzimləyəcək.

Qaydaya əsasən, preventiv tədbirlərin həyata keçirilməsi fəaliyyəti dövlətin, cəmiyyətin və eləcə də ayrı-ayrı fərdlərin cinayətkar qəsdlərdən qorunması, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi zamanı cəmiyyətdə baş verən qanunazidd proseslərlə mübarizə, bu sahədə cinayətkarlığın qarşısının alınması və azaldılaraq aradan qaldırılması məqsədi ilə həyata keçirilir.

Sənədlə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslər polis orqanlarında qeydiyyata götürülməsi, onların islah olunması istiqamətində maarifləndirici və profilaktik işlərin aparılması, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər törətmiş şəxslərin, habelə inzibati məsuliyyətə cəlb olunmuş, o cümlədən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərin ətrafında əməliyyat-profilaktik tədbirlərin keçirilməsi, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı məsuliyyətə cəlb olunmuş və narkomanlıq xəstəliyinə düçar olunmuş şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması kimi preventiv tədbirlər həyata keçiriləcək.

Qərara əsasən, Daxili İşlər Nazirliyi və onun müvafiq qurumları preventiv tədbirlərin əsas istiqamətlərini müəyyənləşdirir və cinayətin qarşısının alınması yönümündə fəaliyyətin metodiki təminatını həyata keçirir, öz səlahiyyətləri çərçivəsində preventiv tədbirlərin həyata keçirilməsi mexanizminə nəzarət etməklə, ərazi polis orqanlarına əməli və metodiki köməklik göstərilməsini təmin edirlər, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı preventiv tədbirlərin həyata keçirilməsi sahəsində DİN narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi sahəsində baş vermiş cinayətlərin törədilməsinin səbəb və şəraitinin aşkarlanması, təhlili və aradan qaldırılması üzrə tədbirlərin görülməsini, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi sahəsində cinayət törətməyə meyilli şəxslərin müəyyənləşdirilərək, onların profilaktik qeydiyyata götürülməsini təmin edir.

Bununla yanaşı, nazirlik ilk dəfə cinayət törətmiş şəxslərə, residiv cinayət törətmiş şəxslərə, yetkinlik yaşına çatmayan cinayət törətmiş şəxslərə, cinayət törətmiş əlil şəxslərə, cinayət törətmiş qadınlara, cinayət törətmiş əcnəbi vətəndaşlara qarşı cinayətkarın sosial vəziyyəti nəzərə alınmaqla, preventiv tədbirlərin tətbiqi vasitəsilə gələcəkdə belə hüquqpozmaların qarşısının alınmasını da təmin edir.

Qərarla ildə azı bir dəfə olmaqla, xidməti ərazidə daxili işlər orqanlarının digər hissələri, icra hakimiyyəti və yerli idarəetmə orqanları ilə birlikdə narkotik vasitələrin və psixotrop maddələrin saxlandığı obyektlərin yoxlanılmasında iştirak edəcək, onların mühafizəsinin təmin edilməsi üzrə preventiv tədbirlər görəcəklər.

Xidməti ərazidə qeydiyyatda olan və yaşayan yetkinlik yaşına çatmayanlarla iş proqramından irəli gələn tələbləri nəzərə almaqla, ildə bir dəfədən az olmayaraq, aidiyyəti orqanların məlumatlandırılması üçün analitik materiallar hazırlayacaqlar.

Nəqliyyatda polis orqanlarının əməkdaşları dəmiryol və avtobus vağzallarında, qatarlarda və stansiyalarda, platformalarda və dayanacaq məntəqələrində, hava və dəniz limanlarında, gəmilərdə və təyyarələrdə, ərazi aidiyyəti üzrə xətlərdə, eləcə də digər nəqliyyat obyektlərində bu kimi cinayətlərin və hüquqpozmaların qarşısının alınması, baş verə biləcək neqativ halların aradan qaldırılması üçün tədbirlər həyata keçirəcəklər.

Son xəbərlər

Orphus sistemi