Dövlət Miqrasiya Xidməti: Əcnəbilərin qanunsuz yollarla miqrasiya kanalını təşkil edən 5 mütəşəkkil dəstə zərərsizləşdirilib

Dövlət Miqrasiya Xidməti: Əcnəbilərin qanunsuz yollarla miqrasiya kanalını təşkil edən 5 mütəşəkkil dəstə zərərsizləşdirilib Şəmkirdə maarifləndirmə tədbiri keçirilib
Hadisə
27 May , 2016 13:32
Dövlət Miqrasiya Xidməti: Əcnəbilərin qanunsuz yollarla miqrasiya kanalını təşkil edən 5 mütəşəkkil dəstə zərərsizləşdirilib

Bakı. 27 may. REPORT.AZ/ Dövlət Miqrasiya Xidməti (DMX) Şəmkirdə maarifləndirmə tədbiri keçirib.

DMX-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə vətəndaşsızlığın aradan qaldırılması, əcnəbi işçi qüvvəsindən istifadə qaydaları, qanunsuz miqrasiyaya qarşı mübarizə ilə bağlı regionda yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər, o cümlədən ictimaiyyətin, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların, işəgötürənlərin, sahibkarların, təhsil işçilərinin nümayəndələri olan 380 nəfər iştirak edib.

Görüşdə qeyd olunub ki, Azərbaycan son illər miqrasiya baxımından mənşə ölkəsindən tranzit və təyinat ölkəsinə çevrilib.

Xidmətdə ictimai nəzarətə, ictimai iştirakçılığa geniş yer verildiyi və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın faəliyyət göstərdiyi qeyd olunub.

Tədbirdə bildirilib ki, Dövlət Miqrasiya Xidməti vətəndaşsızlıq hallarının aradan qaldırılması, ölkənin müxtəlif regionlarında məskunlaşan vətəndaşlığı olmayan, keçmiş sovet pasportu ilə yaşayan və vətəndaşlıq mənsubiyyəti müəyyənləşdirilməyən şəxslərin aşkarlanması və sənədləşdirilməsi istiqamətində mütəmadi olaraq müvafiq tədbirləri davam etdirir.

Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycanda qanunsuz yaşayan əcnəbilərin aşkarlanması, onların qanunvericiliyin tələblərinə uyğun olaraq respublika ərazisində olma və yaşamalarının leqallaşdırılması üçün ardıcıl tədbirlərin davam etdirildiyi və bu tədbirlərin səmərəli nəticələri konkret faktlarla diqqətə çatdırılıb. Miqrasiya siyasətinin ölkənin təhlükəsizliyinə birbaşa təsir edən amillərdən olduğu, elə ona görə də hər bir əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkə ərazisində qanuni əsaslarla yaşamalarının zəruriliyi və qanuni əsaslarla yaşamanın ilk növbədə həmin şəxslər üçün vacib olduğu izah edilib.

Bildirilib ki, qanunsuz miqrasiyaya qarşı keçirilən kompleks tədbirlər nəticəsində son 5 ay ərzində Azərbaycan ərazisindən istifadə etməklə əcnəbilərin qanunsuz yollarla İran-Türkiyə-Avropa marşrutu üzrə miqrasiya kanalını təşkil edən 5 mütəşəkkil dəstə ifşa edilərək zərərsizləşdirilib.

Tədbirdə o da diqqətə çatdırılıb ki, 10 gündən artıq ölkəmizdə qalmaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər 10 gün ərzində olduğu yer üzrə qeydiyyata düşməlidirlər.

Görüşün sonunda iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb.

Daha sonra Gəncə regional miqrasiya idarəsinin xidmət ərazisində yaşayan 46 şəxsə səyyar xidmət göstərilib. 4 nəfərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqələri, 12 nəfərə şəxsin Azərbaycan vətəndaşlığına mənsubiyyətinin müəyyən olunmasına dair arayış verilib. 9 şəxsə daimi yaşama icazəsinin verilməsi və şəxsin vətəndaşlıq mənsubiyyətinin müəyyən olunmasına dair müraciət etmələri üçün tələb olunan sənədlərin siyahısı təqdim edilib. 21 əcnəbi və vətəndaşlığı olmayan şəxsin vətəndaşlıq məsələsi ilə bağlı müraciətləri dinlənilib və onların hansı prosedurları, necə həyata keçirmələri ilə bağlı izahedici söhbət aparılıb.

Son xəbərlər

Orphus sistemi