Yuxarı

Dövlət Dəniz Agentliyi xüsusi təhlükəli hidrometeoroloji hadisə ilə bağlı tədbirlər görüb

Bakı. 8 yanvar. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil olub.

Bu barədə “Report”a Dövlət Dəniz Agentliyindən bildirilib.

Məlumatda bildirilir ki, yanvar ayının 9-u günün ikinci yarısından yanvarın 10-nu gündüzədək Xəzər dəniz akvatoriyasinda şimal-qərb, şimal küləyinin sürəti 19-24 m/s, arabir 27-32 m/s, açıq dənizdə arabir 35 m/s-dək güclənəcək. Dalğanın hündürlüyünün isə 2-4 metr, sonrakı inkişafda 6-8 metrədək olması gözlənilir. Daxil olan məlumatlar təcili olaraq Milli Mərkəzin müətəxəssisləri tərəfindən təhlil edilib və müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı Milli Mərkəz tərəfindən təlimatlandırılıb.

Milli Mərkəz eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi növbə xidmətləri ilə qarşılıqlı məlumat mübadiləsi həyata keçirib.

Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə NAVTEX və digər rabitə əlaqəsi vasitəsilə hadisə ilə bağlı məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib. Bununla yanaşı, dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar hadisə ilə bağlı məlumatlandırlıb.

Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin cavabdehlik ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi