Yuxarı
    Bağlamaq

    Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi özü ilə birgə işləyən qohumlarının adlarını açıqlayıb - YENİLƏNİB

    Rəislə tutulan şəxslərdən biri özünü təqsirli bildiyini bəyan edib

    *** 12:49

    Bakı. 2 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov, onunla birlikdə tutulan İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

    “Report”un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

    R.Məmmədov və İ.İsfəndiyarov iş üzrə özünü təqsirli bilmədiyini, lakin A.Məmmədov isə özünü təqsirli bildiyini deyib.

    R.Məmmədov ifadəsində Dövlət Bayrağı Meydanının rəisi vəzifəsində çalışan zaman üzərinə düşən öhdəlikləri yerinə yetirdiyini bildirib: "Həmin üç obyekti İsfəndiyar mənim üçün 6 milyon manata  aldı. Ona dedim ki, obyektləri öz adına sənədləşdir. Bir müddətdən sonra Zabil Salmanov adlı şəxs mənimlə görüşdü. O, mənə obyektlərin alqı-satqısında problemlərin olduğunu dedi. Bu barədə İsfəndiyara məlumat verdim. İsfəndiyar mənə məsələni həll edəcəyini bildirdi. Sonra həmin şəxs məndən şikayət etdi".

    R.Məmmədov ifadəsində bildirib ki, Dövlət Bayrağı Meydanı Kompleksində anbardar vəzifəsində çalışan Elman Nəsibovla qohumluğu yoxdur: "Elman yaxşı mütəxəssis olduğu üçün işə qəbul edilib. O, idarədə yüklərə nəzarət edirdi. Xuraman Qasımova isə həyat yoldaşımın xalasıdır. O, baş mühasib vəzifəsində çalışıb. Həyat yoldaşım da Dövlət Bayraq Meydanı Kompeksində kommunal idarədə işləyirdi. Azər Əsgərov qaynımdır, o, kompeksə gələn qonaqları qarşılayırdı".

    Növbəti proses iyunun 7-nə təyin edilib.

    Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi R.Məmmədov, onun təqsirli bilindiyi işlə əlaqədar İ.İsfəndiyarov və A.Məmmədov ötən ilin may ayında həbs edilib. Dələduzluqda təqsirləndirilən şəxslər barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb. Bu il martın 4-də Səbail Rayon Məhkəməsi A.Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişdirib və o, ev dustaqlığına buraxılıb. İ.İsfəndiyarov və A.Məmmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurlar. R.Məmmədov isə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələi ilə ittiham olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi