​DİN valyutadəyişmə məntəqəsi sahibinin döyülərək öldürülməsi barədə iddialara münasibət bildirib

​DİN valyutadəyişmə məntəqəsi sahibinin döyülərək öldürülməsi barədə iddialara münasibət bildirib Fakt üzrə toplanmış materiallar prokurorluğa göndərilib
Hadisə
27 Aprel , 2016 18:57
​DİN valyutadəyişmə məntəqəsi sahibinin döyülərək öldürülməsi barədə iddialara münasibət bildirib

Orxan Mansurzadə: "Ağarza Vəliyevin ailəsinin kədərinə biz də şərikik"

Bakı. 27 aprel. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Səbail Rayon Polis İdarəsində (RPİ) valyutadəyişmə məntəqələrindən birinin sahibi Ağarza Vəliyevin fiziki və mənəvi təzyiqlərə məruz qalaraq, daha sonra xəstəxanada dünyasını dəyişməsi barədə iddialara münasibət bildirib.

DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Report”a açıqlamasında deyib ki, həmin iddialar əsassızdır: "Ağarza Vəliyevin ailəsinin kədərinə biz də şərikik. Mərhuma Allahdan rəhmət diləyirik. Onun oğlu Sadıq Vəliyevin iddialarına gəldikdə, bunlar əsassız və həqiqətdən uzaqdır. Səbail Rayon Polis İdarəsinə daxil olmuş məlumat əsasında Xəqani küçəsi,15 ünvanında yerləşən Ağarza Vəliyevə məxsus valyutadəyişmə məntəqəsində qanunsuz valyuta mübadiləsinə qarşı tədbir keçirilib. Həmin zaman Ağarza Vəliyev, onun qaynı Ağarza Musayev və İmişli rayon sakini Emin Quliyev Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. Həmin şəxslər idarəyə gətirilib. İdarədə sənədləşmə işləri aparılarkən Ağarza Vəliyevin səhhəti qəflətən pisləşib. Onun yaxınları çağırılıb, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb".

Şöbə rəisi bildirib ki, saxlanılan şəxslərdən E.Quliyev barəsində tənbeh tədbiri görülüb: "Bundan sonra Emin Quliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 430.1-ci (valyuta tənzimi haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozmaqla, valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılmasına və ya dəyişdirilməsinə görə) maddəsinə əsasən protokol tərtib olunub. Onun barəsində tənbeh tədbiri görülüb. İdarədə Ağarza Vəliyevin halının yaxşılaşması gözlənib ki, məsələ öz məntiqi sonluğuna çatsın. Təəssüf ki, o, dünyasını dəyişdi".

O.Mansurzadə fakt üzrə toplanmış materialların baxılması üçün Səbail Rayon Prokurorluğuna göndərildiyini deyib: "Ağarza Vəliyevin işgəncələrə məruz qoyulması isə məntiqsizdir. Əgər bir şəxs əməliyyat tədbiri nəticəsində idarəyə gətirilirsə, barəsində inzibati qaydada tədbir görülürsə, bunu döyməyə nə ehtiyac var ki?! Bundan başqa, Səbail Rayon Polis İdarəsində adam döyülmür. Bu, qəti mümkün olan şey deyil. Bu hadisə heç kimə polis barəsində həqiqətdən uzaq, böhtan və aşkar şantaj xarakterli məlumatlar yaymağa imkan vermir. Düzdür, valyutadəyişmə məntəqəsində müəyyən milli və xarici valyutalar olub. Lakin həmin zaman pullar sənədləşdirilərək götürülüb. Daha sonra pullar müvafiq qaydada aktlaşdırılıb. Həmin pullar bütün digər materiallar formasında Səbail Rayon Prokurorluğuna təqdim olunub".

Qeyd edək ki, mərhum Ağarza Vəliyevin oğlu Sadıq Vəliyev mətbuata açıqlamasında atasının Səbail RPİ-də fiziki və mənəvi təzyiqlərə məruz qaldığını, məzh bunun nəticəsində öldüyünü iddia edib.

Son xəbərlər

Orphus sistemi