DİN-in sabiq polkovnikinin məhkəməsində zərərçəkmiş ifadə verib: "Ona 10 min manat pul vermişəm"

DİN-in sabiq polkovnikinin məhkəməsində zərərçəkmiş ifadə verib: "Ona 10 min manat pul vermişəm" Məhkəmənin növbəti iclası mayın 11-nə təyin edilib
Hadisə
4 May , 2018 16:48
DİN-in sabiq polkovnikinin məhkəməsində zərərçəkmiş ifadə verib: Ona 10 min manat pul vermişəm

Bakı. 4 may. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Mənzil İnşaatı Dövlət Agentliyinin adından istifadə edərək dələduzluq törətməkdə təqsirləndirilən, Daxili İşlər Nazirliyinin sabiq polkovniki, "579 SSA" MMC-nin təsisçisi Eldar Salayev, şirkətin direktoru vəzifəsində işləyən Məhəmməd Qafarov, Leyla İsmayova və Ülviyyə Abdalovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə prosesdə zərərçəkmiş qismində tanınan Toğrul Səfərov ifadə verib.

O bildirib ki, təqsirləndirilən şəxslərdən M.Qafarovun oğlu Samir Qafarovla dost olub: "Onunla görüşən zaman atasının sosial evlər payladığını eşitdim. Mən də ev almaq üçün Məhəmməd Qafarova müraciət etdim. Biz sonra Məhəmməd müəllimin yanında olan iki xanımla "ASAN Xidmət"ə getdik. Orada ödəniş edilməli olduğunu dedilər. Mən 10 min manatı Məhəmməd Qafarova vermişəm. Sonra ofisdən gəlib sənədləri aldım. Sonra bu söhbətlər çıxandan sonra dostum Samir gətirib mənim pulumu qaytardı".

T.Səfərov şikayət və tələbinin olmadığını söyləyib: "Təqsirləndirilən şəxslərə cəza verilməsini istəmirəm".

Daha sonra şahid qismində İradə Məmmədova dindirilib. O qeyd edib ki, təqsirləndirilən şəxslərdən M.Qafarovla dost olub, onun ofisinə gedib hərdən işlərinə də kömək edib: "Ofisdə torpaq, ev alqı-satqısı həyata keçirilirdi. Mən sosial evlərin satılmasında iştirak etməmişəm, amma xəbərim olub"

Şahid İradə Məmmədova söyləyib ki, sosial ev almaq üçün müraciət edən şəxslərin ödədiyi puldan 1800 manatı təqsirləndirilən şəxslərdən Leyla İsmayılova və Ülviyyə Abdalova götürərək "ASAN Xidmət"ə aparıblar: "Orada ödəniş edirdilər. Mən bunları bilirdim. Heç bir sənəd görməmişəm. Satılan evlərin, edilən ödənişlərin qəbzlərini də görməmişəm. Amma bilirdim ki, Məhəmməd müəllim onlara maşın verirdi".

Məhkəmənin növbəti iclası mayın 11-nə təyin edilib.

Rəsmi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət əsasında “579 SSA” MMC özəl müəssisəsinin vəzifəli şəxslərinin Agentliyin adından qanunsuz istifadə edərək dələduz hərəkətləri ilə bağlı araşdırma aparılıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində MMC-nin təsisçisi Salayev Eldar Ağaşirin oğlu və şirkətin direktoru vəzifəsində işləyən Qafarov Məhəmməd Elman oğlunun qabaqcadan əlbir olaraq öz qulluq mövqelərindən istifadə etməklə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən tikilən binalarda mənzil satışını həyata keçirmək səlahiyyətləri olmadığına baxmayaraq, Bakı şəhər sakini Samir Məmmədova (ad, soyad şərtidir) sosial mənzil alınmasında köməklik göstərəcəklərini yalandan vəd ediblər. İlkin ödəniş adı altında həmin vətəndaşın 5 min manat məbləğində pulunu ələ keçirmələrində, həmçinin cinayəti gizlətmək məqsədilə özləri tərəfindən təsdiq edilib və məzmununa bilə-bilə yalan məlumatları daxil etdikləri mənzil alqı-satqısına dair rəsmi sənədləri ona verməklə vəzifə saxtakarlığı etmələrində şübhələr üçün əsaslar yarandığından fakta görə cinayət işi başlanıb.

E.Salayev, M.Qafarov və digərləri barəsində Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.3 (dələduzluq qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunmaqla, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bununla yanaşı, cinayət işinin istintaqı zamanı və həyata keçirilən operativ əməliyyat-axtarış tədbirləri ilə həmin vəzifəli şəxslər tərəfindən güzəştli şərtlərlə sosial mənzillərin satılması adı altında digər 25 nəfər vətəndaşın da əmlaklarının ələ keçirilməsi faktları müəyyən olunub.

Daha sonra məhkəmə qərarı ilə həmin şəxslərin barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Qeyd edək ki, E.Salayev Daxili İşlər Nazirliyinin (DİN) sabiq polkovnikidir. Həmçinin o, Polis Akademiyasında müəllim işləyib.

Son xəbərlər

Orphus sistemi