Yuxarı

DİN əlvan metalların qəbulunu həyata keçirən məntəqə sahiblərinə müraciət edib

DİN əlvan metalların qəbulunu həyata keçirən məntəqə sahiblərinə müraciət edib
Su sayğacını oğurlamağa cəhd göstərən şəxs saxlanılıb

Bakı. 4 aprel. REPORT.AZ/ Vətəndaşların haqlı narazılığına səbəb olan su sayğacları oğurluqlarının qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən Binəqədi rayonu ərazisində uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ə.Naxçıvani küçəsindəki evlərdən birinin girişindəki su sayğacını oğurlamağa cəhd göstərən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Nəsirov saxlanılıb. Saxlanılan şəxsin ətrafında aparılan tədbirlərlə onun rayon ərazisində əlavə olaraq 8 mənzilin su sayğacını oğurlaması da müəyyən edilib.

Z.Nəsirov ilkin ifadəsi zamanı oğurladığı sayğacları Qaraçuxur qəsəbəsində yaşadığı evin həyətində yandırdığını və içərilərində olan misi Yasamal rayonu ərazisində metal qəbulu məntəqəsinə satdığını bildirib.

Əməliyyat tədbirinin davamı olaraq Z.Nəsirovun oğurluq yolla əldə etdiyi misi satdığı metal qəbulu məntəqəsinin sahibi Laçın rayon sakini Rəfiqə Həşimova da müəyyən edilərək izahatının alınması üçün polis idarəsinə gətirilib.

Z.Nəsirovun ətrafında aparılan əlavə tədbirlər nəticəsində həmçinin onun Binəqədi rayonunda yerləşən binaların bir neçəsinin liftinin əyləc dolaqlarını da oğurladığı məlum olub. Saxlanılan şəxs liftlərdəki oğurluq hadisələrini də qanunsuz olaraq əlvan metal əldə edib satmaq niyyəti ilə həyata keçirdiyini etiraf edib.

Qeyd edilən faktlarla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyi əlvan metalların qəbulunu həyata keçirən məntəqə sahiblərinə, bu işlə məşğul olan sahibkarlara müraciət edərək bildirir ki, öz fəaliyyətlərini Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun şəkildə qursunlar. Oğurluq və ya qeyri-qanuni yolla əldə olunan əlvan metalların qəbulunu həyata keçirməkdən imtina etsinlər, bu hallarla rastlaşdıqda isə dərhal ərazi polis orqanlarına və ya “102” Zəng Mərkəzinə məlumat versinlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi