Yuxarı

​DİN Cəlilabadda 50 baş atın oğurlanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib

Bir çox hallarda mal-qaralar sahibsiz qalır və sakinlər heyvanların oğurlandığını zənn edirlər

Bakı. 12 aprel. REPORT.AZ/ "Cəlilabad rayonunun Soyuqbulaq kəndində 50 baş atın oğurlanması ilə bağlı mətbuatda yayılan məlumatlar həqiqətə uyğun deyil". Bunu "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib.

O qeyd edib ki, ümumiyyətlə son iki il ərzində at oğurluğu ilə bağlı Cəlilabad RPŞ-yə heç bir müraciət daxil olmayıb: "Soyuqbulaq kəndi meşə massivinə yaxın ərazidə yerləşdiyinə görə sakinlər heyvanlarını, o cümlədən, atları meşəyə yaxın ərazidəki örüşə buraxırlar. Bəzən sahibləri günlərlə meşə massivində qalan heyvanlardan xəbərsiz olurlar. Belə hallarda sahibsiz qalan mal-qara, atlar ya itir, ya da kənd sakinləri heyvanların oğurlandığını zənn edirlər. Axtarışlar nəticə vermədikdə vətəndaşlar polisə müraciət etməli olurlar. Elə cari ilin ötən dövründə nəinki Soyuqbulaq, başqa kəndlərin sakinləri də RPŞ-yə heyvanlarının itməsi ilə bağlı müraciətlər ediblər. Həmin müraciətlərin böyük əksəriyyətində itən heyvanlar ya sakinlərin özləri tərəfindən, ya da polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində tapılaraq sahiblərinə qaytarılır. Elə sonuncu belə müraciət dünən, aprelin 11-də rayonun Zopun kənd sakinindən olub. Lakin qısa zaman kəsiyində görülmüş tədbirlərlə bu at da tapılıb".

O.Mansurzadə deyib ki, hazırda RPŞ-də ümumilikdə 4 atın itməsi ilə bağlı araşdırma aparılır: "Soyuqbulaq sakinləri olan müraciət sahibləri ərizələrində atlarını müxtəlif vaxtlarda kəndin otlaq sahəsinə buraxdıqlarını, lakin nəzarətsiz qalmış heyvanların naməlum şəraitdə itdiklərini bildirir, onlara məxsus əmlakın tapılmasında köməklik göstərilməsini RPŞ rəhbərliyindən xahiş edirlər. Polis əməkdaşları tərəfindən həmin atların hətta oğurlanması versiyası üzərində müvafiq araşdırmalar aparılsa da, sonda bu ehtimal təsdiqini tapmayıb. Hazırda həmin heyvanların tapılması üçün zəruri axtarış tədbirləri davam etdirilir".

Qeyd edək ki, ötən gün bəzi KİV-lərdə Cəlilabad rayonunun Soyuqbulaq kəndinin sakinlərinə istinadən bu kənddə 50 baş atın oğurlanması ilə bağlı məlumat yayılıb. Kəndlilərin sözlərinə görə, heyvanların kütləvi oğurlanması oğruların bir yox, bir neçə nəfər olduğunu deməyə əsas verir. Məsələ ilə bağlı kənd sakinləri polisə məlumat verdiklərini də bildiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi