Deputat Elmira Axundovanın oğlunun adı keçən 1 milyonluq dələduzluq işində şahidlər ifadə verib

Deputat Elmira Axundovanın oğlunun adı keçən 1 milyonluq dələduzluq işində şahidlər ifadə verib Bakı. 20 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.
Hadisə
20 Sentyabr , 2018 17:49
Deputat Elmira Axundovanın oğlunun adı keçən 1 milyonluq dələduzluq işində şahidlər ifadə verib

Bakı. 20 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rauf Bəşirov ifadə verib.

O deyib ki, E.İbrahimovu 2009-2013-cü illərdə işlətdiyi çay evindən tanıyıb: "Həmin dövrlərdə Elnur ora gəlib-gedirdi. 2012-ci ildə Elnura 8 min manat pul verdim. Pulu həftə-həftə gətirib mənə qaytarıb. Ümumilikdə, ona 20 min manat pul vermişəm. Pulumu hissə-hissə qaytardı. O, pulu iş qurmaq adı ilə almışdı. Demişdi ki, ucuz yolla katric alıb satır. Mən də pul verdim, çünkü qazanc əldə etmək niyyətim vardı".

Şahid R.Bəşirov istintaqa verdiyi ifadəsini təsdiq etdiyini deyib.

O, ifadəsinin davamında Həbib Axundovu da tanıdığını bildirib: "Yasamal rayonunda işlətdiyim çay evinə gəlirdi və sonra dostlaşdıq. Elnurla biznes qurmağı Həbib deməyib. Özümüzün münasibətimiz vardı. Kartic işinə özüm girişdim. Çünki dost-tanış bu işə girmişdi".

R.Bəşirovun istintaqa verdiyi ifadəsi ilə məhkəmədə ifadəsi arasında ziddiyyət olduğundan onun istintaqa verdiyi ifadə elan olunub.

Şahid istintaq ifadəsində deyib ki, E.İbrahimovdan hər həftə 600-650 manat pul alıb.

Şahid məhkəmədə verdiyi ifadəsinin düzgün olduğunu söyləyib: "Biz Həbiblə çox iş görmüşük. Çox şeyi xatırlamıram".

Həbib Axundov da şahidin ifadəsinə münasibət bildirib. O deyib ki, R.Bəşirov E.İbrahimovla işləmək istəyib: "Rauf gəldi dedi ki, hamı Elnurla işləyib, pul qazanır. Məni də o işə qoş pul qazanım. Mən də Elnurdan xahiş etmişəm".

Daha sonra şahid qismində Orxan Xanbalayev ifadə verib. O, E.İbrahimova 50 min manat pul verdiyini deyib: "Pulu geri qaytardığı yadımda deyil. Çünkü mənə qazanc verirdi".

Şahid E.İbrahimovdan şikayətçi olmadığını söyləyib: "Elnuru tutanda biz onu Həbib Axundovun bağ evinə apardıq. Həmin zaman orada bir çox zərərçəkmiş var idi. Elnur dedi ki, katric biznesi yoxdur, pulu bundan alıb, ona vermişəm. Sonra Yasamal rayon Polis idarəsinə gəlib müraciət etdik. Lakin rəsmi ərizə ilə müraciət etməmişik".

Zərərçəkmiş H.Axundov da həmin gün digər zərərçəkmişlərlə polis idarəsinə gedən zaman rəsmi müraciət etmədiyini bildirib: "Çünki orada dedilər ki, Elnuru hələ tutmayacaqlar. Mən də çıxıb evə getdim".

İttiham aktına əsasən, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlər - Elvin Vəliyev, Fərman Məmmədov, Sahib Ağayev, Zaur Səfərov, Şahin Məhərrəmov və digərlərini biznes qurmaq adı ilə aldadaraq, ümumilikdə, onların 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, cinayət işində deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş qismində tanınır. E.İbrahimovun H.Axundovun 100 min manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi qeyd edilir.

Mətbuatda yazılan məlumata görə, E.İbrahimovla deputatın oğlu H.Axundov dost olub.

Cinayət işi başlanılan zaman E.İbrahimov ölkədən qaçıb, daha sonra Rusiyada həbs edilib.

Cinayət işi üzrə zərərçəkmişlərin bir neçəsi pulu E.İbrahimova deyil, H.Axundova verdiklərini bildirirlər.

Son xəbərlər

Orphus sistemi