Dəm qazı faciəsi - ekspert "maraqlanan yoxdur" deyir, Energetika Nazirliyi əhalini diqqətli olmağa çağırır - RƏYLƏR

Dəm qazı faciəsi - ekspert "maraqlanan yoxdur" deyir, Energetika Nazirliyi əhalini diqqətli olmağa çağırır - RƏYLƏR Azərbaycanda hər il havalar soyuduqca dəm qazından zəhərlənənlərin sayı kəskin şəkildə artır. Report problemin səbəbi ilə maraqlanmaq üçün ekspertlərə müraciət edib.
Hadisə
29 Noyabr , 2019 09:02
Dəm qazı faciəsi - ekspert maraqlanan yoxdur deyir, Energetika Nazirliyi əhalini diqqətli olmağa çağırır  - RƏYLƏR

Azərbaycanda hər il havalar soyuduqca dəm qazından zəhərlənənlərin sayı kəskin şəkildə artır. "Report" problemin səbəbi ilə maraqlanmaq üçün ekspertlərə müraciət edib.

Kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımov “Report” bildirib ki, dəm qazı karbohidrogenlərin natamam yanmasından əmələ gələn zəhərli qazdır:

“Dəm qazı odunun yanmasından da, benzindən də əmələ gələ bilər. Bir sıra dırnaqarası mütəxəssislər deyirlər ki, qaz zəhərlidir. Bu, tamam absurddur və cəfəngiyyatdır. Hava çatışmayanda yanma prosesi pozulur və dəm qazı əməli gəlir. Ümumiyyətlə qazla ehtiyatlı olmaq lazımdır. Vətəndaşlar bu barədə oxuyub, maariflənməlidir. Dəfələrlə deyilib ki, dəm qazı təhlükəlidir, metan qazı partlayış törədə bilər. Lakin insanlar yenə də etinatsız olurlar, harda gəldi qaz sobalarını quraşdırırlar. Qaz təhlükəli maddə olduğu üçün təhlükəsizlik qaydalarını bilməyən şəxslər qazla bağlı təmir işləri görməməlidir. Çox adam da bu etinatsızlığın qurbanı olur. Sobaların, su qızdırıcılarının tüstü bacaları mütləq olmalıdır. Bu tüstü baca ilə də dəm qazı çölə ötürülməlidir. Mütləq evlərdə ventilyasiya kanalları olmalıdır. Ventilyasiya vasitəsi ilə otaqların havası dəyişdirilməlidir”.

Ekspert deyir ki, sobaların, su qızdırıcılarının istilik mövsümü ilə əlaqədar tüstü bacaları təmizlənməlidir:

"30-40 ildir sobaların tüstü bacaları təmizlənmir. Əvvəl bu işlər Daxili İşlər Nazirliyinin nəzdində idi. Daha sonra bu iş Fövqəladə Hallar Nazirliyinə tapşırıldı".

Nüsrət Qasımov

“Çox təəssüf ki, 30-40 ildir sobaların tüstü bacaları təmizlənmir. Heç ona sahib çıxan da yoxdur. Daha əvvəl bu işlər Daxili İşlər Nazirliyinin nəzdində idi. Daha sonra bu iş Fövqəladə Hallar Nazirliyinə tapşırıldı. Sovet vaxtında nazirliyin nümayəndələri gəlib binalarda ildə bir dəfə yoxlama aparıb, sobaları təmizləyirdilər. İndi isə bu məsələ ilə maraqlanan yoxdur. Mən dəfələrlə mətbuatda bu barədə çıxış etmişəm. Bu, çox dəhşətli haldır. Yay fəslində sobalarda quşlar yuva qura bilər, ölmüş heyvan cəsədi düşə bilər. Bu da mütləq yoxlanılıb, təmizlənməlidir. Təmizlənmədiyi üçün də tüstülər bacalardan normal qaydada çıxmır, dəm qazından zəhərlənmələr baş verir. Sonra da bu işdə günahkar axtarırlar. Ölkədə dəm qazı ilə bağlı ölüm hadisəsi baş verirsə müzakirələr aparılmalı, səbəblər axtarılmalıdır. Kim günahkardır tapıb üzə çıxarmaq gərəkdir. Əhaliyə də xəbərdarlıq edilməlidir ki, hadisələr bu səbəblərdən baş verib”.

Təhlükəsizlik sahəsi üzrə ekspert Elmar Nurəliyev "Report"a açıqlamasında bildirib ki, dəm qazı iysiz, dadsız, rəngsiz, havadan yüngül olan qazdır:

"Birincisi, insanlar bilməlidirlər ki, dəm qazı nədən yaranır. Yanma prosesi düzgün getmədikdə dəm qazı əmələ gəlir. Əgər yanma prosesi düzgün gedərsə, onda dəm qazı əmələ gəlmir. Bunu insanlar mütləq bilməlidir”.

O, yanma prosesinin nə zaman düzgün getmədiyi haqda danışarkən bildirib ki, qaz cihazlarına kənar müdaxilələr olarsa, qaz cihazlarının avadanlıqları standartlara cavab verməzsə, evə metal borular əvəzinə kapron və digər materiallardan olan borularla qaz çəkilərsə, qaz xəttində hər hansı bir nasazlıq, dəlik və sızma olarsa onda dəm qazı əmələ gəlir: “Həmçinin, qaz sobalarına kənar müdaxilələrin edilməsi də çox təhlükəlidir. İnsanlar bir otaqdan digər otağa kustar üsulla hazırlanmış qaz xətti çəkirlər və ya qızdırıcı sobalara kənar müdaxilələr edirlər. Bu da yanma prosesinin düzgün getməməsinə gətirib çıxarır.

Bundan başqa, evin bacaları ildə ən azı iki dəfə təmizlənməlidir. Əgər evin bacaları təmizlənməzsə, təbii ki, orada hava ventilyasiyası, sovrulması olmur və yanma prosesini də çətinləşdirir. Belə desək, kömürün və odunun yanmasından belə dəm qazı əmələ gəlir. Evin havası gün ərzində iki dəfə dəyişməlidir – səhər və axşam. Evdə qazı yandırarkən əmin olmaq lazımdır ki, otaqda qaz iyi var və ya yox. Əgər evdə qaz iyi yoxdursa, onda kibriti çəkmək lazımdır. Hətta çöldən evə daxil olan zaman da otaqda qaz qoxusunun olub-olmadığını yoxlamaq, daha sonra işıqları yandırmaq gərəkdir”.

E.Nurəliyevin sözlərinə görə, dəm qazları əsasən hamam otağında və mətbəxdə əmələ gəlir:

“Demək olar ki, dəm qazının 95 faizi hamam otaqlarında əmələ gəlir. Qışda insanların qaza olan təlabatları daha çoxdur. Həmin vaxt da insanlar otaqlarda qapı-pəncərələri bağlı saxlayırlar. Yayda isə qapı-pəncərələr çox vaxt açıq olur və hava ventilyasiya olduğuna görə dəm qazı da demək olar ki, olmur. Bir otaqdakı hava kütləsinin 0,1 faizi dəm qazı olarsa, bu, insan ölümünə gətirib çıxarır. Dəm qazı olan otaqda insan ölümünə 7 dəqiqə kifayət edir. Hamam otaqlarında olan zaman mütləq nəfəsliklər açıq olmalıdır. İnsanlar yayda həmin nəfəslikləri açıq, qışda isə bağlı saxlayırlar. Hamam otaqlarında ventilyasiya olmalıdır, qapıların aşağı hissəsində isə mütləq dəliklər olmalıdır. Hamam otaqlarına kustar üsulla hazırlanan qızdırıcılar qoyulmamalıdır. Bu, dəm qazının yaranmasına səbəb olur. Əgər insanlar bu standartlara əməl etsələr, dəm qazı riski azalar".

nbsp;

"Bir otaqdakı hava kütləsinin 0,1 faizi dəm qazı olarsa, bu, insan ölümünə gətirib çıxarır. Dəm qazı olan otaqda insan ölümünə 7 dəqiqə kifayət edir".

Elmar Nurəliyev

Təhlükəsizlik sahəsi üzrə ekspert &

Ekspert bildirir ki, qızdırıcı sobalar bazarlarda və xüsusi mağazalarda satılır:

"Bazara qızdırıcı vasitələr istehsalçı şirkətlərdən və ya xarici ölkələrdən daxil olur. Xarici ölkələrdən gələn qızdırıcı vasitələrə də bir neçə dövlət qurumu nəzarət edir. Və ya yerli qızdırıcı vasitələr bazara çıxmazdan əvvəl şirkətlər dövlət qurumundan sertfikat alırlar. Əgər bu qızdırıcılar. sobalar yoxlanılmasa, bazara çıxarıla bilər? Xeyr, çıxarıla bilməz! Bunlar bir neçə dövlət qurumunun müştərək görə biləcəyi bir işlərdir. Bununla bağlı dövlət qurumları mütamadi olaraq yoxlamalar aparmalıdırlar. Bunların satıldığı mağazalarda monitorinq keçirilsə, standarta uyğun olmayan vaistələr dövriyyədən çıxarılsa, həmin şirkət rəhbərləri, sahibkarlar cəzalansa, təbii ki, sonra heç kəs bu qızdırıcıları bir daha bazara çıxarmaz. Əlbəttə, bu da 100 fazi sığortalanmaq demək deyil. İnsanlar da evdə bu əməllərə riayət etməlidirlər. Dəm qazından qaçmaq olar. Bu, mümkündür. Yenə də deyirəm, mütləq təhlükəsizlik qaydalarına əməl olunmalıdır”.

Fövqəladə Hallar Nazirliyi isə dəm qazı ilə bağlı ittihamı qəbul etmir. Nazirliyin Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva "Report"a bildirib ki, nazirlik tüstü bacaların təmizlənməsinə, evlərdə quraşdırılan qızdırıcı sobalar və su qızdırıcılarına nəzarəti həyata keçirmir:

“Nazirlik məlumatlandırmanı, xəbərdar etməni həyata keçirir. Yəni, əhali marifləndirilir ki, sobaları quraşdırarkən mütəxəssislərin əməyindən istifadə edilsin, onların rəyləri alınmalıdır. Əgər fərdi yaşayış evdirsə tüstü bacaları düzgün çıxarılmalıdır. Hündürmərtəbəli binalarda olan sobaların tüstü bacaları ildə iki dəfədən az olmayaraq təmizlənməlidir. Əgər vanna otağında qaz cihazı quraşdırılıbsa, hökmən həmin otağın tavanı ilə döşəmə arasındakı məsafə qısaldılmamalıdır. Vanna otağının qapısında dəliklər olmalıdır. Hava çəkən sistem düzgün işləməlidir. Qətiyyən tüstü borularını hava çəkən sistemə qoşmaq olmaz. Məhz tüstü bacalarına qoşulmalıdır. Kustar üsulla hazırlanmış qaz cihazlarından istifadə edilməməlidir. Nazirliyin əməkdaşları bu kimi marifləndirmə tədbirləri aparırlar. Rayon icra hakimiyyətində dəyirmi masa keçirilir və bələdiyyələrlə tədbirlər aparılır. Ümumiyyətlə, Bakı şəhərində tüstü bacalarının təmizlənməsi üçün özəl şirkətlər fəaliyyət göstərirlər. MTK-ların çoxu tüstü bacalarının təmizlənməsi üçün özəl şirkətlərlə müqavilə bağlayırlar. Amma binalar köhnədirsə, buna Kommunal Təsərrüfat Birliyi və ya bələdiyyələr nəzarət edirlər və təmizlədirlər. Bir sözlə, Fövqəladə Hallar Nazirliyinin tüstü baca təmizləmək kimi bir işi yoxdur və buna da ixtiyarımız da çatmır, heç ştatımız da yoxdur”.

Məsələyə məsul olan Enerji Məsələləri Tənzimləmə Agentliyinin Mətbuat Xidmətindən isə "Report"a bildirilib ki, Energetika Nazirliyi və Enerji Məsələləri Tənzimləmə Agentliyi tərəfindən “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli dərmanı ilə verilmiş tapşırığa uyğun olaraq, xarici ekspertlərin iştirakı ilə “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması qaydası”nın layihəsi hazırlanıb. Hazırda həmin layihənin də aidiyyəti dövlət qurumları ilə razılaşdırılması həyata keçirilir.

Dəm qazından zəhərlənmə halları ilə əlaqədar bildirmək istərdik ki, “Qaz təchizatı haqqında” qanunun 3-cü maddəsinin 7-ci hissəsinə və “Qazdan istifadə Qaydaları”nın 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.

Adıçəkilən qanunun 3-cü maddəsinin 8-ci hissəsinə əsasən istehlakçılar tikinti obyektlərinin daxilində qaz sızmasını və dəm qazını müəyyən edən detektor quraşdırmalı və onu işlək vəziyyətdə saxlamalıdırlar.

Həmçinin, “Qazdan istifadə Qaydaları”nın 3.2.3-cü yarımbəndinə əsasən yalnız xüsusi razılığı (lisenziyası) olan təşkilatla və ya qaz paylayıcısı ilə bağlanılmış müqavilə əsasında yaşayış sahəsində qaz qurğularının təmirini və onlara texniki xidmət göstərilməsini həyata keçirmək qazdan istifadə edən istehlakçıların vəzifəsidir.

Qeyd olunanlar onu deməyə əsas verir ki, istehlakçılar qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıdıqlarına görə qaz qurğularının vaxtlı-vaxtında təmirini və onlara texniki xidmət göstərilməsini təmin etməlidirlər.

Eyni zamanda bildiririk ki, bu sahədə nəzarət işlərinin təkmilləşdirilməsi məqsədilə Energetika Nazirliyi və Agentlik tərəfindən qaz qurğularına texniki xidmət göstərilməsi sahəsində bir sıra ölkələrin təcrübəsi öyrənilib və qaz qurğularına qaz paylayıcısı və ya podratçı tərəfindən texniki xidmət göstərilməsini nəzərdə tutan “Qaz təchizatı haqqında” qanuna dəyişikliklər edilməsi barədə” qanun layihəsi hazırlanıb. Hazırda həmin layihənin aidiyyəti dövlət qurumları ilə razılaşdırılması həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi