Dələduzluqda təqsirləndirilən vəkilin məhkəməsində şahid ifadə verib

Dələduzluqda təqsirləndirilən vəkilin məhkəməsində şahid ifadə verib Məhkəmənin növbəti iclası mayın 24-nə təyin edilib
Hadisə
15 May , 2017 18:21
Dələduzluqda təqsirləndirilən vəkilin məhkəməsində şahid ifadə verib

Bakı. 15 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vəkillər Kollegiyasının üzvü Lətif Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə Vəfadar Məmmədov ifadə verib.

O bildirib ki, təqsirləndirilən L.Ağayev zərərçəkmiş Mehdi Süleymanova 500 manat pul verməsini xahiş edib: "Lətif Ağayev rayona gedəcəyini söylədi və məndən xahiş etdi ki, pulu Mehdi adlı şəxsə aparım. Mən də pulu aparıb Mehdiyə verdim".

Zərərçəkmiş M.Süleymanov isə şahidin dediklərinə münasibət bildirib: "Vəfadar mənə 500 manat gətirdi. Mən 2 saat sonra Lətifə zəng edib dedim ki, 1000 manat lazımdır. Pul isə həmin gün həbsdə olan həyat yoldaşıma çatmalı idi. O, xəstə idi. Pulu Kürdəxanıya göndərməli idim".

Məhkəmənin növbəti iclası mayın 24-nə təyin edilib.

Qeyd edək ki, L.Ağayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda olduqda) və 32.4 (ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətmə sövq etmə) maddələri ilə ittiham edilir.

İttihama aktına əsasən, L.Ağayev hazırda həbsdə olan Sabrina Alxasovanın həyat yoldaşı Mehdi Süleymanova qarşı dələduzluq edilib. M.Süleymanov həyat yoldaşının cəzasının yüngülləşdirilməsi üçün Ədliyyə Nazirliyinin sabiq böyük inspektoru Tahir Şəbiyevə 31 min manat pul verib.

Məlum olub ki, M.Süleymanov 31 min manatın 17 min manatını L.Ağayevə verib. L.Ağayev isə istintaq dövründə həmin pulun 8500 manatını geri qaytarıb.

Xatırladaq ki, S.Alxasovanın adı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadə ilə birlikdə bir neçə dələduzluq əməlində hallanır. E.Nağızadə hazırda ölkəni tərk edib və onun barəsində də axtarış elan olunub. S.Alxasova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay 16 gün müddətinə azadlıqdan məhrum edilib.

T.Şəbiyev isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb və o, məhkəmə zalından azadlığa buraxılıb. Buna səbəb T.Şəbiyevin S.Alxasovanın ərindən aldığı pulu geri qaytarması olub.

Son xəbərlər

Orphus sistemi