Dələduzluqda təqsirləndirilən şirkət rəhbərləri Ali Məhkəməyə müraciət ediblər

Dələduzluqda təqsirləndirilən şirkət rəhbərləri Ali Məhkəməyə müraciət ediblər Vəkillər hüquqlarını müdafiə etdiyi şəxslərin cinayət işinin məhkəmə istintaqı ilə aparılmasını istəyib
Hadisə
13 Oktyabr , 2016 08:00
Dələduzluqda təqsirləndirilən şirkət rəhbərləri Ali Məhkəməyə müraciət ediblər

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Tahir Məcidov, Həmidxan Mürvətov və Faiq Sadıqovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un məlumatına görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış ediblər.

Vəkillər hüquqlarını müdafiə etdiyi şəxslərin cinayət işinin məhkəmə istintaqı ilə aparılmasını istəyiblər. Vəsatət təmin edilməyib. Həmin qərardan narazı qalan müdafiəçilər kassasiya şikayəti verib. İşə Ali Məhkəmədə baxılacaq.

Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, "Meyniman-1" Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri H.Mürvətovun qanunsuz hərəkətləri barədə "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətindən daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

Müəyyən edilib ki, H.Mürvətov Əmlak Məsələləri Dövlət Komitəsinin mövcud olmayan 9 fevral 2012-ci il tarixli sərəncamını əsas kimi götürərək Göyçay rayonunun Qaraməryəm kəndi ərazisində 96 min manat dəyərində 10 km uzunluğunda istifadə olunmayan və istifadəyə yararsız su kəməri xəttinin rəhbərlik etdiyi cəmiyyət tərəfindən sökülərək metal qəbulu məntəqəsinə təhvil verilməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsi ilə guya razılığa gəlmələri barədə 15 fevral 2012-ci il tarixli saxta alqı-satqı müqaviləsi hazırlayıb.

Boru kəmərləri Göyçay suvarma sistemləri idarəsinin balansında olduğundan planlaşdırdığı cinayəti həyata keçirmək məqsədilə H.Mürvətov həmin müqaviləni qeyd edilən idarəyə təqdim etməklə kəmərin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən guya ona satıldığını və söküb aparacağını bildirib.

Bundan sonra H.Mürvətov işin texniki cəhətdən həyata keçirilməsi üçün hazırlıqlar görərək metalın kəsilməsində istifadə olunacaq avadanlıq və texnikanı Qaraməryəm kənd sakini Quliyev İlqar Ağaqulu oğlunun həyətinə gətirərək külli miqdara özgə əmlakını ələ keçirməyə cəhd edib. H.Mürvətovla yanaşı T.Məcidov və F.Sadıqov da həbs edilib.

Fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Sadıqov 9 il, H.Mürvətov 10 il və T.Məcidov 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayətləri veriblər.

Son xəbərlər

Orphus sistemi