​Dələduzluqda təqsirləndirilən şəxs bəraət almış şirkət müdirinin dindirməsini istəyib

​Dələduzluqda təqsirləndirilən şəxs bəraət almış şirkət müdirinin dindirməsini istəyib O, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə müraciət edib
Hadisə
17 May , 2016 18:46
​Dələduzluqda təqsirləndirilən şəxs bəraət almış şirkət müdirinin dindirməsini istəyib

Bakı. 17 may. REPORT.AZ/ Dələduzluqda və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilən Rauf Firidunoviç Namazov Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsinə müraciət edib.

Bu barədə "Report"a təqsirləndirilən şəxsin vəkili Şahin Rəfiyev məlumat verib.

Vəkilin sözlərinə görə, idarə rəisi Teymur Hacıyevə müraciət edən R.Namazov onunla birlikdə dələduzluqda təqsirləndirilən, lakin məhkəmənin hökmü ilə bəraət alan Oktay Ağamirzə oğlu Vəliyevin şahid qismində dindirilməsini istəyib.

"Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 fevral 2016-cı il tarixli hökmü ilə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşam. Bu hökmdən verdiyim apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılması ilə əlaqədar hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılıram. Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində ibtidai istintaqı aparılan Oktay Ağamirzə oğlu Vəliyevin Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair 150070300 nömrəli cinayət işi üzrə mənə məlum olan və istintaq üçün zəruri əhəmiyyət kəsb edə biləcək mötəbər məlumatlar əsasında məni Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 85.4.10 və 95.6.3-cü maddələrinin tələblərinə müvafiq olaraq şahid qismində dindirməyinizi sizdən xahiş edirəm", - deyə R.Namazov müraciətində bildirib.

Qeyd edək ki, ittiham aktına əsasən, Bakı şəhər sakinləri R.Namazov və O.Vəliyev vətəndaşların etibarından sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməkdə ittiham olunublar.

Belə ki, O.Vəliyev tanışı N.Namazovla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 2009-cu ilin yaz aylarında özünə məxsus Yasamal rayonu, Bəsti Bağırov küçəsi, 14 ünvanında yerləşən ofisində Zulfıya Aytımbet qızı Abdukadırova ilə tanış olub. Onlar Z.Abdukadırovaya yüksək vəzifəli şəxslərlə olan geniş əlaqələri hesabına böyük bizneslə, o cümlədən CİN və NAR danışıq konturlarının topdansatışı ilə məşğul olmasını bildirib. Həmin şəxslər Z.Abdukadırovanı onunla birgə iş birliyi qurub, “Bakcell” Məhdud Məsuliyyətli Cəmiyyətdən daimi nümayəndəlik alıb, fəaliyyət göstərərlərsə, qazanc əldə edəcəklərinə inandırıblar. O.Vəliyev və N.Namazov 2010-cu ilin sentyabr ayından 2011-ci ilin iyun ayının 1-nə kimi Z.Abdukadırovanın etibarından sui-istifadə edərək, ondan ümumilikdə 1 milyon 356 min 700 manat pulu dələduzluq yolu ilə ələ keçiriblər.

Bundan başqa, istintaq dövründə Ağa Nurulla oğlu Hüseynov, Gündüz Cahangir oğlu Cəfərov, Kamal Qafur oğlu Şabanov, Anar Tamirlan oğlu Musayev və Ağasəttər Mirabdulkərim oğlu Ağayev ərizə ilə müraciət ediblər. Həmin şəxslər R.Namazovun onların etibarından sui-istifadə etdiklərini bildiriblər. R.Namazov zərərçəkmişlərin pullarını dələduzluq yolu ilə ələ keçirərək onlara külli miqdarda ziyan vurub.

İş üzrə maddi ziyan ümumilikdə 2 milyon 129 min 740 manat göstərilib. İstintaq müddətində isə 1 milyon 356 min 700 manat ödənilib.

2012-ci ildə R.Namazovun tutulması və ona ittiham elan edilməsi üçün barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 150-ci maddəsi ilə axtarış elan edilib. Daha sonra CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılıb. Məhkəmənin qərarı ilə onun barəsində 3 ay müddətinə qiyabi həbs qətimkan tədbiri seçilib. R.Namazov 2014-cü il yanvar ayının 16-da Ukrayna Respublikası Daxili İşlər Nazirliyinin Kiyev şəhərinin Solomenski rayon Daxili işlər şöbəsi tərəfindən tutulub və Kiyev şəhəri Solomenski Rayon Məhkəməsi tərəfindən barəsində 40 gün müddətinə həbs qətimkan tədbiri seçilib. R.Namazov həmin il may ayının 7-də Azərbaycan Respublikasına ekstradisya olunaraq Bakı İstintaq Təcridxanasına təhvil verilib.

O, CM-nin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilib.

O.Vəliyev isə 2014-cu il dekabr ayının 25-də şübhəli şəxs qismində saxlanıb və CM-nin 178.3.2 maddəsi ilə ittiham olunub. Lakin onun barəsində şəxsi zaminlik qətimkan tədbiri seçilərək, müvəqqəti saxlama yerindən azad edilib.

2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Namazov 11 il müddətinə azadlıqdan məhrum edilib. O.Vəliyev barəsində isə bəraət hökmü çıxarılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş şəxslər apellyasiya şikayəti veriblər.

O.Vəliyev "İmpreks" reklam şirkətinin müdiri vəzifəsində çalışır.

Son xəbərlər

Orphus sistemi