Dələduzluqda təqsirləndirilən sabiq bank əməkdaşının məhkəməsində zərərçəkmişlər dindirilib

Dələduzluqda təqsirləndirilən sabiq bank əməkdaşının məhkəməsində zərərçəkmişlər dindirilib Məhkəmənin növbəti iclası sentyabrın 15-nə təyin edilib
Hadisə
11 Sentyabr , 2017 17:21
Dələduzluqda təqsirləndirilən sabiq bank əməkdaşının məhkəməsində zərərçəkmişlər dindirilib
Report

Bakı. 11 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1972-ci il təvəllüdlü Eldar Salmasinin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Kamran İsamyılov ifadə verib.

"Azərsun" Holdingdə piar mütəxəsisi vəzifəsində çalışdığını deyən zərərçəkmiş 100 min manat məbləğində zərər çəkdiyini söyləyib. O, tikinti şirkətlərindən birində evinin olduğunu, mənzilin pulunun bir hissəsini ödədiyini deyib: "Evimi satıb borcumu ödədim. Həmin puldan qalanını isə Eldarla məsləhətləşdikdən sonra dollara çevirməyə qərar verdim. O dövrdə dollar bahalaşırdı, ona 100 min manat verdim, 25 mini isə qaytardı. Bu işdə məqsəd daha sonra dolları baha qiymətə satıb qazanc əldə etmək idi".

K.İsamyılov bildirib ki, pulun bir hissəsini istədiyi üçün E.Salmasini qaytarıb: "Pulu sələmə verməmişdim".

Daha sonra digər zərərçəkmiş Elmir Allahverdiyev dindirilib. O qeyd edib ki, əvvəlcə 93 min manat, sonra isə 207 min manatı E.Salmasiyə verib: "Məqsəd pulu dollara çevirmək idi. Onu bankdan tanımışam. Özüm isə tikinti şirkətində icraçı direktor işləyirəm. Ona ümumilikdə 300 min manat pul vermişəm. Eldar mənə pul qaytarmayıb".

"Akkord" tikinti şirkətində mütəxəssis vəzifəsində çalışan digər zərərçəkmiş İdris Mollayev ifadəsində bildirib ki, uzaq qohumu olan E.Salmasinə 48 min dollar verib.

E.Salmasi isə İ.Mollayevdən pul almadığını deyib.

Prosesdə maşın bazarında alverlə məşğul olan zərərçəkmiş Kamandar Quliyev də dindirilib. O, ifadəsi zamanı söyləyib ki, E.Salmasiyə 23 min 800 dollar verib.

Məhkəmədə məlum olub ki, daha bir neçə zərərçəkmiş var və ümumilikdə dəymiş zərər 1 milyon manata yaxındır.

Məhkəmənin növbəti iclası sentyabrın 15-nə təyin edilib.

İttihama əsasən, "Zaminbank" ASC-də xəzinədar olmuş E.Salmasi vətəndaşları ucuz qiymətə dollar satmaq adı ilə aldadaraq dələduzluq edib. O, vəzifəsindən azad edildikdən sonra da bir neçə şəxsə qarşı dələduzluq əməli törədib.

Məhkəmə iclasında E.Salmasi özünü təqsirli bilməyib və həmin pulları borc adı ilə aldığını deyib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham edilir. 

Son xəbərlər

Orphus sistemi