Bakı. 9 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Mənsum Bayramov barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
“Report”un məlumatına görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, iş baxışdan çıxarılıb, birinci instansiya məhkəməsinə qaytarılıb. İşə yenidən Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
Qeyd edək ki, Mənsum Bayramov 2014-cü ilin sentyabrında dələduzluqda təqsirli bilinərək həbs olunub. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib. Xatırladaq ki, uzun illər Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin Rəyasət Heyətinin üzvü olmuş M.Bayramov 2005-ci ildə AXCP-dən deputatlığa namizədliyini irəli sürüb. Mənsum Bayramov həbs olunan vaxta kimi Vəkillər Kollegiyasının da üzvü olub. 2015-ci ilin noyabr ayının 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Bayramov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan M.Bayramov apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.