Dələduzluq etməkdə təqsirləndirilən şəxs azadlığa buraxılıb

Dələduzluq etməkdə təqsirləndirilən şəxs azadlığa buraxılıb Prokuror onun 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib
Hadisə
5 Yanvar , 2016 12:18
Dələduzluq etməkdə təqsirləndirilən şəxs azadlığa buraxılıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1980-ci il təvəllüdlü Pərviz Yunusovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Rasim Məmmədov çıxış edib.

R.Məmmədov bildirib ki, ona dəymiş ziyan ödənildiyi üçün P.Yunusovdan şikayətçi deyil: "Mənə dəymiş ziyan geri qaytarılıb. Məhkəmədən xahiş edirəm ki, Pərviz Yunusovu azadlığa buraxasız".

Daha sonra dövlət ittihamçısı çıxış edib. Prokuror P.Yunusovun 7 il 5 ay müddətinə şərti azadlıqdan məhrum edilməsini istəyib.

Bundan sonra hakimlər müşavirəyə yollanıb. Müşavirə otağından qayıdan məhkəmə heyəti hökm oxuyub.

Məhkəmənin hökmü ilə P.Yunusova 7 il müddətinə şərti azadlıqdan məhrumetmə təyin olunub. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, P.Yunusov tanışı Rasim Məmmədovdan 34 min manat, Mehman Məmmədovdan isə külli miqdarda (məbləğ açıqlanmır) pul alaraq şərikli biznes quracağını vəd edib. Lakin o, həmin şəxslərin etibarından sui-istifadə edərək pullarını geri qaytarmayıb.

P.Yunusov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi