Şəmkir rayonunda qətl törətməkdə təqsirləndirilən Turan Əzizovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report"un xəbərinə görə, iş rayon prokurorluğunda yekunlaşdırılaraq, baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 25-nə təyin edilib.
Qeyd edək ki, bu il iyulun 26-sı saat 18 radələrində Şəmkir rayon sakini, 1970-ci il təvəllüdlü Nizami Böyükkişiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin bacısı oğlu, 1989-cu il təvəllüdlü T.Əzizovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı N.Böyükkişiyevə bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
T.Əzizov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.