Daşkəsən rayon 2 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirilib.
Bu barədə "Report"un Qərb Mərkəzinə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, tədbirdə Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları ilə yanaşı, məktəbin pedaqoji heyəti və şagirdləri iştirak edib.
Daşkəsən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Azay Ağayev bildirib ki, ölkəmizin işıqlı və gözəl gələcəyi məhz sağlam, savadlı gənclikdən asılıdır. Hər bir yeniyetmə və gənc zərərli vərdişlərdən uzaq durmalı, diqqətini təhsilə, idmana yönəltməlidir. Belə görüşlərin keçirilməsində əsas məqsəd də məhz yeniyetmə və gəncləri narkomaniyanın və digər zərərli vərdişlərin mənfi nəticələri, doğurduğu fəsadlar barədə məlumatlandırmaq, onları belə neqativ əməllərdən çəkindirməkdən ibarətdir. Çünki narkotik vasitələrdən istifadə edərək özünü fiziki və psixoloji cəhətdən məhvə aparan insan nə yaxınları, nə də cəmiyyət üçün layiqli vətəndaş ola bilməz.
Tədbirdə erkən nikaha daxilolma məsələsinə də toxunulub. Bu kimi neqativ hallara qarşı təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb. Erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu bir daha diqqətə çatdırılıb.
Sonda şagird və valideynləri maraqlandıran suallar cavablandırılıb.