Daşkəsəndə güclü külək fəsadlar törədib

Daşkəsəndə güclü külək fəsadlar törədib Daşkəsən. 24 mart. REPORT.AZ/ Daşkəsən rayonunda əsən güclü külək şəhərin bir hissəsini işıqsız qoyub.
Hadisə
24 Mart , 2018 14:44
Daşkəsəndə güclü külək fəsadlar törədib
Report

Daşkəsən. 24 mart. REPORT.AZ/ Daşkəsən rayonunda əsən güclü külək şəhərin bir hissəsini işıqsız qoyub.

"Report"un Qərb bürosunun məlumatına görə, səhər saatlarından başlayaraq əsən güclü külək nəticəsində şəhərdə bəzi problemlər yaranıb. Əsasən şəhərin bir hissəsində elektrik naqillərinin sıradan çıxması nəticəsində elektrik enerjisinin verilməsi dayanıb. Bəzi evlərin və binaların dam örtüyünə ziyan dəyib.

Hazırda aidiyyəti qurumlar yaranmış problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirir.

Qeyd edək ki, şəhərin bəzi yerlərində güclü külək zamanı elektrik naqillərinin bir-birinə çırpılması nəticəsində yaranmış qısaqapanma səbəbindən bəzi vətəndaşların məişətdə işlətdikləri elektrik əşyaları və elektron avadanlıqları da sıradan çıxıb.

Hazırda rayon ərazisində küləkli hava şəraiti davam edir.

Daşkəsən rayon İcra hakimiyyətindən "Report"un Qərb bürosuna verilən məlumata görə, rayon ərazisində baş vermiş qasırğa nəticəsində Daşkəsən şəhərində yaşayış və inzibati binaların həmçinin fərdi evlərin dam örtüyünə, avtomobilərə ziyan dəyib, elektrik və rabitə xətləri sıradan çıxıb. Səməd Vurğun küçəsində yerləşən 15 və 16 saylı binaların, Xoşbulaq kəndində yerləşən tibb məntəqəsinin dam örtüyü tamamilə sıradan çıxıb, taxta konstruksiya ilə birgə kənara atıb. 

 Təbii fəlakət nəticəsində rayonun Xoşbulaq, Zağalı, Mollahəsənli, Əmirvar, Quşçu və Zəylik kəndlərində də yaşayış binalarına və sosial obyektlərə ciddi ziyan dəyib. İlkin məlumatlara görə, rayon üzrə ümumilikdə 50-dən çox binaya ziyan dəyib. Dəymiş ziyanın aradan qaldırılması üçün tədbirlər həyata keçirilir. Təbii fəlakət nəticəsində ilkin məlumata görə, xəsarət alan isə olmayıb.

Hazırda qasırğa baş verdiyi ərazilərdə elektrik enerjisinin verilməsi tamamilə dayandırılıb.

Dəymiş ziyan hesablanır.

Son xəbərlər

Orphus sistemi