Yuxarı

Daha 6 keçmiş yüksək vəzifəli şəxsin həbs müddəti artırılıb - SİYAHI

Həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb

Bakı. 17 may. REPORT.AZ/ Bu gün Binəqədi Rayon Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş əməkdaşları "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.

"Report"un məlumatına görə, istintaq orqanının verdiyi təqdimat təmin olunub və həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb.

Qeyd edək ki, həmin şəxslər ötən ilin noyabr ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində saxlanılıb. Daha sonra məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.

B.Hüseynov, E.Məmmədov, B.Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi O.Rüstəmov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), “AzİnTelekom” MMC-nin baş direktoru C.Cəfərov, “Azərpoçt” MMC-nin baş direktoru Q.Bəybalayev və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru N.Məmmədov həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi S.Hümbətov isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulanlarla ittiham olunurlar.

Xatırladaq ki, daha əvvəl Binəqədi Rayon Məhkəməsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi Fətullah Seyidov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov və “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi