Bakıda çörək sexinin sahibini öldürən fəhlənin məhkəmə istintaqı başa çatıb

Bakıda çörək sexinin sahibini öldürən fəhlənin məhkəmə istintaqı başa çatıb Bakı. 22 yanvar. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İsmayıl Cəfərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
22 Yanvar , 2019 17:24
Bakıda çörək sexinin sahibini öldürən fəhlənin məhkəmə istintaqı başa çatıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İsmayıl Cəfərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Aysel Məmmədova ifadə verib.

O, hadisənin baş verdiyi yerdə - "Batabat" kafesində çalışdığını, həmin zaman təqsirləndirilən şəxslə mərhum Elmar Qasımovun mübahisə etdiyini bildirib.

A.Məmmədova deyib ki, hadisə zamanı E.Qasımov İ.Cəfərovu təhqir edib, sonra boğazından tutaraq yuxarı qaldırıb: "Mən müdaxilə edə bilmədim. Bir də onu gördüm ki, İsmayıl cibindən bıçaq çıxarıb Elmar vurdu. Elmar "maşın, maşın" deyə qışqırıb çölə çıxdı. Bir maşına əl eləsə də, saxlamadı. Sonra özü yeriyərək getdi. Nə olduğunu bilmədik".

Şahid ifadəsinin sonunda təqsirləndirilən şəxsin günahsız olduğunu, sakit adam olduğunu söyləyib.

Daha sonra digər şahid, "Batabat" kafesində çalışan Samra Taralova dindirilib. O qeyd edib ki, iş yoldaşı A.Məmmədova İ.Cəfərovdan nisyə çörək alıb, buna görə də sex sahibi E.Qasımov təqsirləndirilən şəxslə mübahisə edib: "Sonra içəri keçdim və bu hadisə baş verdi".

Daha sonra məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası yanvarın 29-na təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi Bakı şəhəri, NZS qəsəbəsində baş verib. Çörək sexində çalışan İ.Cəfərov sexin sahibi Elmar Qasımovu mübahisə zəminində bıçaqlayıb. Nəticədə E.Qasımov ölüb.

Hadisədən sonra İ.Cəfərov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi