Cəzaçəkmə müəssisəsində məhkumla nikaha daxil olan qadının şikayəti əsasında məhkəmə başlayıb

Cəzaçəkmə müəssisəsində məhkumla nikaha daxil olan qadının şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin baxış iclası oktyabrın 24-nə təyin edilib
Hadisə
11 Oktyabr , 2016 09:14
Cəzaçəkmə müəssisəsində məhkumla nikaha daxil olan qadının şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 11 oktyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Fərzanə Allahverdi qızı Ağayevanın cəzadan vaxtından əvvəl şərti olaraq azad edilməsinə dair qərardan verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

“Report”un xəbərinə görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən iclada təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası oktyabrın 24-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, 2013-cü il martın 7-dən 8-nə keçən gecə maska taxmış üç naməlum kişi Hövsan qəsəbəsi sakini, əslən Astaradan olan 1957-ci il təvəllüdlü Züleyxa İman qızı Əsgərovanın evinə daxil olublar. Bu zaman evdə Z.Əsgərovadan başqa onun qonaqları və qohumları Humay Saleh qızı Nəsirova və 1985-ci il təvəllüdlü F.Ağayeva da olub. Cinayətkarlar qadınların əllərini bağlayaraq, onları təhdid edib, sonra ev sahibinin bütün pullarını, bir qızıl və bir gümüş üzüyünü götürüblər.

İstintaq zamanı müəyyən olunub ki, cinayətə həmin gecə Z.Əsgərovanın evində qonaq olan və onun uzaq qohumu - Astara rayon sakini F.Ağayeva da köməklik edib. Belə ki, o, birgə yaşadığı, əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Rüfət Kamal oğlu Məmmədova pullar barədə məlumat verib.
Hadisədən sonra Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin və Suraxanı Polis İdarəsinin əməliyyatçıları cinayətkar dəstəni saxlayıb. Altı aylıq hamilə olduğu üçün F.Ağayeva həbs edilməyib, istintaqın davam etdiyi müddətdə heç bir yerə getməmək haqqında iltizam alınaraq, azadlığa buraxılıb.

Məhkəmənin hökmü ilə R.Məmmədov 7 il, F.Ağayeva isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.
Xatırldaq ki, 2014-cü il sentyabr ayının 26-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan R.Məmmədovla 4 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan F.Ağayevanın müraciətləri əsasında onlar nikaha daxil olublar. Bu isə Azərbaycanda ilk dəfə iki məhkumun nikaha daxil olması kimi qeydə alınıb. Məhkumların iki azyaşlı uşaqları var.

Xətai Rayon Məhkəməsində F.Ağayeva cəzadan vaxtından əvvəl şərti olaraq azad edilməsinə dair veriyi müraciətə baxılıb. Məhkəmə qadının müraciətini təmin etməyib. Qərardan narazı qalan F.Ağayeva apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi