"İntensiv yağışlarla əlaqədar olaraq, Cəlilabad rayonunun bir neçə yaşayış məntəqəsində bəzi fərdi evlər, həyətyanı sahələr, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb".
Bu barədə "Report"un Muğan bürosuna Cəlilabad Rayon İcra Hakimiyyətindən (RİH) məlumat verilib.
Bildirilib ki, hazırda RİH-nə Cəlilabad və Göytəpə şəhərlərindən, Astanlı, Fərzili, Privolnoye, Bəcirəvan, Seyidbazar, Maşlıq, Sabirabad və Uzuntəpə kəndlərində bəzi evlərin subasmaya məruz qalması ilə bağlı müraciət daxil olub: "Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, rayon fövqəladə hallar komissiyasının əməkdaşları, həmçinin rayon suvarma sistemləri idarəsinin əməkdaşları suçəkmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsinə cəlb edilib".
Qeyd edək ki, martın 19-u gecə saatlarından başlayaraq respublikanın cənub bölgəsinə yağan intensiv yağışlar nəticəsində çaylarda və su kanallarında sululuğun artması, qısamüddətli sel və daşqın keçməsi müşahidə olunub, Masallı və Cəlilabad rayonlarının bir neçə yaşayış məntəqəsində bəzi fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb.