Yuxarı
    Bağlamaq

    ​Cavid Hüseynovun vəkili Əsabəli Mustafayevin ittihamlarına münasibət bildirib

    “Belə deməsini Əsabəli Mustafayevə yaraşdırmazdım və ondan gözləməzdim”

    Bakı. 22 sentyabr. REPORT.AZ/ "Vəkil Əsabəli Mustafayev hələ cinayət işinin materialları ilə tanış olmayıb. O bildirir ki, vəsatət qaldırıb bu işin bir hissəsi ilə tanış olacam və buna hüququm var. Lakin vəkil materiallarla tanış olmadan, işdən xəbərsiz qeyd edib ki, Cavid Hüseynov cinayət işində sifarişçidir. Yəni cinayət işinə təhrik edib və iştirak edib. Halbuki bunlar əsassız ittihamdır". Bunu “Report”a açıqlamasında "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynovun vəkili Adəm Məmmədov deyib.

    O bildirib ki, bu açıqlaması ilə səhərdən axşama qədər insan hüquqlarından danışan bir şəxs başqa birinin insan hüquqlarını pozub: "Burada sual ortaya çıxır. Əgər cinayət işinin heç bir materialı ilə tanış olmamısansa, Cavid Hüseynovu bu işdə sifarişçi kimi niyə göstərirsən?! Biz hələ özümüz bununla bağlı vəsatət verməliyik ki, cinayət işi materialı ümumiyyətlə ayrılmalıdır. Yəni Cavid Hüseynova irəli sürülən ittiham ağır cinayətdir. Əsabəli Mustafayevin belə açıqlama verməsi mənim müdafiə etdiyim şəxsin hüquqlarının pozulmasına gətirib çıxarır. Onun belə deməsi süni ittihamlar yaradır".

    A.Məmmədov Ə.Mustafayevin belə açıqlama verməsini ona yaraşdırmadığını deyib: "Həmkarımın kifayət qədər yaşı var. Belə açıqlama vermək isə çox ədalətsizlik və məsuliyyətsizlikdir. Hüquqşünasın belə deməsini Əsabəli Mustafayevə yaraşdırmazdım və ondan gözləməzdim. Görəsən, gələcəkdə cinayət işi materialı yekunlaşdıqdan sonra bu hallar təsdiqini tapmasa və sənədlərlə, ifadələrlə bu dedikləri müəyyən olunmasa, Əsabəli Mustafayev nə cavab verəcək?! İş hər bir xırda detallara qədər araşdırılır: mesajlar, səs yazıları, ifadələr... Mən başa düşə bilmirəm ki, heç bir mesaj və ifadələrdən xəbəri olmayan şəxs niyə belə deyir".

    Vəkil vurğulayıb ki, zərərçəkən şəxsin müdafiəçisi məsələyə bir hüquqşünas kimi deyil, bir vətəndaş kimi mövqe bildirib: "Mənim müdafiə etdiyim şəxsin ifadələrindən xəbərim var. Rəhmətlik Rasim Əliyev həyatda yoxdur. Əgər zərərçəkmiş həyatda olsa idi, insan müəyyən qədər fikirləşərdi ki, Əsabəli Mustafayev yenə o şəxsin sözləri ilə deyir. Bir sözlə, mən cinayət işi materialı ilə tanışam. O isə bu məsələyə bir hüquqşünas kimi deyil, bir vətəndaş kimi mövqe bildirir. Əsabəli Mustafayevin diqqətinə çatdırıram ki, Cavid Hüseynovu belə ağır maddə ilə ittiham etməklə özü Cinayət Məcəlləsinin 296.2-ci (eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə) maddəsinə əsasən məsuliyyət daşıyır. Hesab edirəm ki, Əsabəli Mustafayev gələcəkdə daha belə bir açıqlama verməyəcək. İfadə və sübutlara istinad etmək məcburiyyətində qalacaq".

    Qeyd edək ki, Ə.Mustafayev mətbuata açıqlamasında Rasim Əliyevin işi ilə bağlı müstəntiqlə görüşdüyünü deyib. O, 5 nəfəri Rasim Əliyevi döyməyə futbolçu Cavid Hüseynovun göndərdiyini bildirib: "Cavid Hüseynov bu adamların hara və nə üçün getdiyini də yaxşı bilirdi. Əgər Rasimlə söhbətə gedirdilərsə, 1-2 nəfər də kifayət idi, 5 nəfər artıq konkret olaraq Rasimi cəzalandırmaq üçün gedirdi". O qeyd edib ki, müstəntiqə iki vəsatət təqdim edib. Vəsatətlərin biri cinayət materialları ilə tanışlıq olub. 

    Xatırladaq ki, avqustun 8-də Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlu paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

    Dövlət başçısının xüsusi nəzarətində olan və böyük ictimai rezonans doğurmuş bu ağır cinayətin qısa müddətdə açılması təmin edilib, onu törətməkdə şübhəli bilinən şəxslər müəyyənləşdirilərək istintaqa cəlb olunublar.

    İlkin araşdırmalarla müəyyən edilib ki, 1988-ci ildə Cəbrayıl rayonunda anadan olmuş Cavid Hüseynov avqustun 6-da “Qəbələ” futbol klubunun heyətində Kipr Respublikasının “Apollon” futbol klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi “facebook” səhifəsində tənqidi fikirlər yazmış Ann.tv-nin videoreportyoru Rasim Əliyevə zəng vuraraq ondan təkzib verməyi tələb edib.

    Bundan sonra C.Hüseynovun bibisi oğlu, 1994-cü ildə Bakı şəhərində anadan olmuş Elşən İsmayılov da R.Əliyevə zəng vuraraq təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov R.Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-də saat 16 radələrində Bayıl qəsəbəsində "Bayıl market" mağazasının qarşısında onunla görüşüb. Onlar R.Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib və hadisə yerindən qaçıblar. R.Əliyevin təcili-tibbi yardım maşını vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb və avqustun 9-da saat 05 radələrində orada vəfat edib.

    İstintaq zamanı R.Əliyevə məxsus “iPhone-5” markalı mobil telefonun cinayətin iştirakçısı Arif Əliyev tərəfindən sındırılıb yaşadığı Bakıxanov qəsəbəsində yerləşən “Arzu” şadlıq sarayının yaxınlığındakı zibilliyə atılması müəyyən olunub və maddi sübut kimi götürülərək cinayət işinə əlavə edilib.

    Digər maddi sübutların da tapılması istiqamətində tədbirlər görülür.

    E.İsmayılov, S.Mustafayev, C.Məmmədov, K.Mədətov və A.Əliyev Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

    İstintaqın hazırkı mərhələsində Cavid Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Cinayətin C.Hüseynovun təhriki ilə törədilməsi fərziyyəsi də istintaq-əməliyyat qrupu tərəfindən araşdırılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi