Yuxarı

Cahangir Hacıyevlə birgə tutulan şəxslər məhkəmədə dindiriliblər

​Cahangir Hacıyevlə birgə tutulan şəxslər məhkəmədə dindiriliblər
Cahangir Hacıyev

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Cəbrayıl Süleymanlı ifadə verib.

O, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” İnstitutunda mühəndis işlədiyini bildirib. C.Süleymanlı qeyd edib ki, D.Xəlilova məxsus şirkətlərin tikinti işlərinin Forma 2-ni yoxlayıb: "Bizə tapşırıq nazirlikdən verilmişdi. Yasamalda, Zaqatalada görülən işlərin sənədlərini təqdim edirdilər, biz də yoxlamışıq. Yəni Forma 2 verilirdi, biz də həcmini hesablayıb tərtib edirdik".

Daha sonra şahid qismində Fuad Cəfərov dindirilib. O, Beynəlxalq Bankın sabiq əməkdaşı olduğunu söyləyib: "Həmin vaxtlar şirkətlərdən bizə kredit götürülməsi ilə bağlı müraciətlər olurdu. Biz də bu barədə Kredit komitəsinə məlumat verirdik. "İntertekstil" şirkəti də bizə müraciət edib. Bu şirkət bankla 4-5 dəfə müqavilə bağlayıb. Təxminən, onlara 1.5 milyon manata qədər kredit verilirdi. Təminat da elə şirkət özü olurdu. Bizə göstəriş gəlirdi ki, "İntertekstil"ə kredit verək".

Şahid Azər Rzayev də ifadəsində deyib ki, Beynəlxalq Bankda işləyib. O, şirkətlərə kreditin verilməsi ilə bağlı qərarı bankın Kredit komitəsinin verdiyini bildirib: "Biz sənədləri hazırlayıb komitəyə göndərirdik. Daha sonra qərarı Kredit komitəsi verirdi".

Beynəlxalq Bankın sabiq filial rəhbəri olmuş İlqar Abdullayev də dindirilib.

Məhkəmədə elan olunub ki, İ.Abdullayev daha əvvəl C.Hacıyevlə birgə ittiham edilib, məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

İ.Abdullayev qeyd edib ki, bankda yüksək məbləğdə kreditlərin verilməsi Kredit komitəsinin qərarı ilə olub.

Daha əvvəl C.Hacıyevlə birgə ittiham edilən Kənan Orucov da ifadə verib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb. Hazırda sınaq müddəti başa çatıb.

K.Orucov qeyd edib ki, 2003-2015-ci illərdə Beynəlxalq Bankın Nəqliyyat filialının rəhbəri işləyib: "Spotline" şirkəti 1.5 milyon manatlıq kreditlə bağlı müraciət etdi. Mən də Kredit komitəsinə məlumat verdim. Sonra sənədlər hazırlandı, həmin şirkətə kredit verildi".

Suallara cavab verən K.Orucov bildirib ki, iri məbləğli kreditlərin verilməsi üçün Kredit komitəsindən göstəriş verilib: "Tam olaraq həmin şəxsin adını xatırlamıram".

Prosesdə fasilə elan olunub.

Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi