Yuxarı

Cahangir Hacıyevin vəkilləri məhkəmədən vaxt istəyiblər

Cahangir Hacıyevin vəkilləri məhkəmədən vaxt istəyiblər

53

Məhkəmənin növbəti iclası mayın 11-nə təyin edilib

Bakı. 5 may. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev, Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank" ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən  prosesdə məhkəməyə C.Hacıyevin vəkilləri tərəfindən 12 vəsatət daxil olduğu elan edilib. Hakim bildirib ki, bu vəsatətlər müvafiq sənədlərin alınması, əlavə şahidlərin dindirilməsi və başqa məsələlərlə bağlıdır. Onun sözlərinə görə, bunlar məhkəmə istintaqında həll olunası məsələlərdir: "Biz isə apellyasiya şikayətlərinə məhkəmə istintaqı aparılmadan baxılmasına qərar vermişik".

Sonra hakim çıxış üçün vəkillərə söz verib. Təqsirləndirilən A.Cavadovun vəkili müdafiə etdiyi şəxsə qarşı ittihamları qəbul etmədiyini söyləyib: "Ona verilmiş qanunsuz silah saxlama ittihamı düzgün deyil".

Daha sonra C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev çıxış edib. O, müvəkkilinə qarşı ittihamları sübut edən heç bir dəlilin olmadığını bildirib. F.Mehdiyev vəsatətlərinin olacağını deyərək, məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası mayın 11-nə təyin edilib.

Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri C.Hacıyev ötən il dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. C.Hacıyev və digər 7 şəxsin - Mərkəzi filialın direktorları işləmiş Y.Ələkbərov və A.Sultanov, Mərkəzi filialın müdiri işləmiş İ.Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İ.Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş K.Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank" ASC-nin Müşahidə Şurasının sədri olan M.Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş A.Cavadovun Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı yekunlaşaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri iş materialları ilə tanış edilmiş və iş üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iyulun 19-da təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Onu da əlavə edək ki, C.Hacıyev, İ.Abdullayev, Y.Ələkbərov və İ.Hüseynov barələrində həbs qətimkan tədbiri seçilib. Həmin şəxslər hazırda həbsdədirlər. Digər 4 nəfər isə zamində idi.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyev 15 il, Y.Ələkbərov 8 il 6 ay, K.Orucov 7 il 6 ay, İ.Hüseynov 7 il 23 gün, M.Cahangirov 7 il 6 ay, A.Cavadov 10 il 11 ay, A.Sultanov 7 il 6 ay və İ.Abdullayev 6il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İ.Abdullayev, M.Cahangirov və A.Sultanova Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək ona şərti cəza verilib. İ.Abdullayev məhkəmə zalından azadlığa buraxılıb. A.Cavadov isə məhkəmə zalında həbs edilb. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış iclasında C.Hacıyevin vəkilləri prosesi istintaqla keçirilməsini istəyib. Vətsatət təmin olunmayıb. Həmin qərardan isə kassasiya şikayəti verilib.Ali Məhkəmə də kassasiya şikayətini təmin etməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi