Yuxarı

"Beynəlxalq Bank işi" məhkəməsi: "Cahangir Hacıyevin həyat yoldaşı və qızının adına olan kreditlər mərkəzi filialda olub" - YENİLƏNİB

Məhkəmə avqustun 29-da davam etdiriləcək

*** saat 14:20

Bakı. 26 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev, Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank" ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev məhkəmə iclaslarının arasında fasilənin az olmasına etiraz edib.

Hakim bildirib ki, təqsirləndirilən şəxslər dindirilənə qədər proseslər bu qaydada davam edəcək.

Daha sonra təqsirləndirilən A.Sultanov ifadə verib. O deyib ki, 1997-ci ildən 2004-cü ilə qədər Beynəlxalq Bankda müxtəlif vəzifələrdə çalışıb: "2010-cu ilə qədər bankın Mərkəz filial rəhbəri işləmişəm. Qaydalara görə, filial təminatlı 5000 min, təminatsız 2000 min manat kredit verə bilər. Bundan yuxarı kreditlər Kredit Komitəsi və İdarə Heyyətinin qərarı ilə ayrılırdı. İstintaqda verdiyim ifadəmi təsdiqləyirəm".

Daha sonra A.Sultanov prokurorun suallarını cavablandırıb. Dövlət ittihamçısı ona C.Hacıyev və onun ailə üzvlərinə verilən plastik kartların prosedura uyğun olub-olmadığını soruşub. A.Sultanov isə bildirib ki, bankda texniki işləri görüb: "Həmin sənədləri hazırlayıb, Mərkəzi ofisə göndərmişəm. Bununla bağlı bankın İdarə Heyyəti qərar qəbul edib, biz isə onu icra etmişik. İdarə Heyətinin qərarının icrası mənim üçün məcburi idi. Cahangir Hacıyevin həyat yoldaşı və qızının adına olan kreditlər Məkəzi filialda olub. Həmin filialda onların imza nümunələri də var idi".

Digər təqsirləndirilən İ.Abdullayev də ifadə verib. O bildirib ki, 2004-cü ildən Beynəlxalq Bankda çalışıb: "Əvvəl bankın filial müdrinin müavini, 2014-2015-ci illərdə isə filial müdri işləmişəm. İttihamda yer alan 3 kredit müqaviləsində imzam var. Həmin vaxt da filial müdri Yusif Ələkbərov işdə olmadığı üçün müqavilə imzalamışam".

Məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.

Prosesdə İ.Abdullayev verilən sualları cavablandırıb.

O bildirib ki, verdiyi kreditlər 2014-cü ilin iyul ayında bağlanıb: "Şərtləri də Kredit Komitəsi müəyyənləşdirib. İdarə Heyyətinin qərarı ilə Cahangir Hacıyevin sürücüsü Aydın Mehdiyevin kreditinin müddətini bəzən 2014-cü il, bəzən də 2015-ci ilə qədər uzatmışıq. O pulların necə xərcləndiyini bilmirəm. Cahangir Hacıyevlə birbaşa əlaqəm olmayıb. Onun adından mənə qərarları Emin Mustafayev, Anar Sultanov və Anar Bəkirov verib".

Daha sonra təqsirləndirilən Y.Ələkbərov dindirilib. O, Beynəlxalq Bankda 2001-ci ildən 2012-ci ilədək arasında işlədiyini deyib: "Bankda filial rəhbəri olmuşam. İttihamı oxudum, lakin mütəşəkkil dəstənin üzvü olmağımla bağlı heç nə tapmadım. Mən bir dəfə də Cahangir Hacıyevin otağında olmamışam. Mənim əvvəlki məhkəmə işimdə 1 milyon 800 min manatdan söhbət gedirdi".

Y.Ələkbərov kreditlər rəsmiləşdiriləndən sonra pulların müştərilərə baş ofisdən verildiyini deyib: "Bunun necə və kim tərəfindən verildiyini isə bilmirəm".

Digər təqsirləndirilən K.Orucov ifadəsində bank yaranandan orada işlədiyini deyib. O, 2003-2015-ci illər arasında bankın Nəqliyyat filialının müdiri olduğunu qeyd edib: "Daha sonra öz ərizəmlə işdən çıxmışam. "İnter Securiti" şirkətinin 18 əməkdaşı adına 16 milyona yaxın kredit ayrılmalı idi. Bizə belə bir göstəriş gəlmişdi, lakin bizim filialda bu qədər pul yox idi. Biz sadəcə sənədləri rəsmiləşdirirdik".

K.Orucov bankın koorperativ müştəriləri olduğunu bildirib.

Təqsirləndirilən şəxs M.Cahangirov dindirilən zaman 2001-ci ildən bankın Nərimanov filialının, 2011-ci ildən isə Sənaye filialının müdri vəzifəsində çalışdığını deyib: "Baş idarənin qərarları əsasında kreditlər vermişəm. Aydın Mehdiyevin adına verilmiş kreditlər Ukraynada metal alveri biznesinə yönəlmişdi. Aydın Mehdiyev mənə zəng edib, nə qədər kredit ayırmaq lazım olduğunu deyirdi. Mən də məcbur olub, Arif Əliyevin yanına gedib ona bu haqda məlumat verirdim. O da Cahangir Hacıyevlə əlaqə saxlayırdı".

Daha sonra təqsirləndirilən İ.Hüseynov ifadə verib. O, işçilərini kredit götürməsi üçün özünün göndərdiyini deyib: "Burada heç bir marağım da olmayıb. Biz Beynəlxalq Bankın Baş İdarəsini deyil, digər strukturlarının mühafizəsini təşkil edirdik. Başqa müəssisələrlə, fiziki şəxslərlə müqavilə imzalamırdıq. Aydın Mehdiyev "etibarlı müştərilərdən göndər və filan qədər kredit almaq lazımdır" deyirdi. Mən də işçilərimdən bir qismini ora göndərirdim".

Təqsirləndirilən A.Cavadov da məhkəmədə ifadə verib. O, 2002-2012-ci ilə qədər bankda çalışdığını vurğulayıb: "Məni çağırıb dedilər ki, yeni iş yerləri yaradılmalıdır. Mən də dedim ancaq filan işi görə bilərəm və bunun üçün maliyyənin lazım olduğunu dedim. Dedilər ki, problem yoxdur. Maliyyə ayrıldı və 2 min hektara qədər torpaq sahəsi aldıq. Daha sonra Cahangir Hacıyev 10 milyon manat pul ödədi. Qalan 7 milyon manat isə da Xaçmazda, Balakənddə və Oğuzda fındıq sahələri alınmasına xərclənib".

Məhkəmə avqustun 29-da davam etdiriləcək.

Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri C.Hacıyev və digər 7 şəxsin Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı yekunlaşaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri iş materialları ilə tanış edilmiş və iş üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iyulun 19-da təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi