Yuxarı

Hakim Cahangir Hacıyevin vəkilindən Vəkillər Kollegiyasına şikayət edəcək - YENİLƏNİB

Maliyyə Bazarlarına Nəzarət Palatasının böyük inspektoru: Kreditlərin ayrılması qanunvericliyin tələblərinə uyğun olmayıb

*** saat 14:06

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyevin, bankın mərkəzi filialının direktorları işləmiş Yusif Ələkbərovun və Anar Sultanovun, mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayevin, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynovun, bankın nəqliyyat filialının direktoru işləmiş Kənan Orucovun, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank" ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirovun və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən posesdə şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılsa da, onların ölkə xaricində olması ilə bağlı məhkəməyə sənəd daxil olduğu elan edilib.

Vəkil A.Layicov şahidlərin məhkəməyə çağırılmasının vacib olduğunu deyib.

Məhkəmədə şahid Vüqar Sadıqovun ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. "İnter Securiy" şirkətinin əməkdaşı olan V.Sadıqov ilkin ifadəsində adına 550 min manatlıq kredit götürüldüyünü söyləyib.

Şahid Tərlan İsmayılovun da ilkin ifadəsi elan olunub. O ifadəsində deyib ki, təqsirləndirilən M.Cahangirov ondan şəxsiyyət vəsiqəsini istəyib və adına 300 min manat kredit götürülüb. T.İsmayılovun sözlərinə görə, 2014-cü ilə qədər bu kredit üçün onu narahat edən olmayıb: "Daha sonra bankdan 300 min manat pul və faiz borcum olduğu bildirilib".

Hal şahidi Ədalət Muradovun ibtidai istintaqa verdiyi ifadəsi elan olunarkən məlum olub ki, təqsirləndirilən A.Cavadovun bağ evinə baxış keçirilən zaman yatağının altından patron və silah götürülüb: "Həmçinin evdən qılınc dəsti və of tüfəngi də aşkarlanıb. Azad Cavadov isə həmin zaman tapancanın onun olmadığını, ov tüfənginin isə sənədlərinin olduğunu bildirib. O, protokola qol çəkməkdən imtina edib".

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) böyük inspektoru Ayaz Vəliyevin ilkin ifadəsi elan olunub. Məlum olub ki, Beynəlxalq Bankda fiziki şəxslərin adına verilən kreditlər, eləcə də Cahangir Hacıyevin və onun yaxınlarının adına olan külli miqdarda kredit kartları vasitəsilə ayırılan pulların verilməsi, xərclənməsi, ödənilməsi barədə yoxlama aparılıb. A.Vəliyev deyib ki, kreditlərin ayrılması qanunvericliyin tələblərinə uyğun olmayıb və qaydalara riayət edilməyib: "Bununla bağlı banka külli miqdarda ziyan vurulub".

C.Hacıyevin vəkili Aqil Layicov MBNP-nın baş inspektoru A.Vəliyevin məhkəməyə dəvət edilməsini istəyib. O, ekspertin hüquqi rəy verə bilmədiyini deyib.

Hakim bildirib ki, şahidlər gələ bilmədiyi üçün ifadələri elan olunması ilə bağlı qərar qəbul edilib.

Daha sonra sənədlərin tədqiqi mərhələsi başlanıldığı elan edilib.

Günün ikinci yarısında keçirilən prosesdə vəkillər Azər Tağıyev və Aqil Layicov məhkəmə iclasına gəlməyiblər. Hakim bildirib ki, həmin şəxslər məhkəməyə gəlmədiyi üçün Vəkillər Kollegiyasiyana müraciət ediləcək.

Proses sentyabrın 21-nə təxirə salınıb.

Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri C.Hacıyev ötən il dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. C.Hacıyev və digər 7 şəxsin - Mərkəzi filialın direktorları işləmiş Y.Ələkbərov və A.Sultanov, Mərkəzi filialın müdiri işləmiş İ.Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İ.Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş K.Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank" ASC-nin Müşahidə Şurasının sədri olan M.Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş A.Cavadovun Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı yekunlaşaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri iş materialları ilə tanış edilmiş və iş üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iyulun 19-da təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Həmin şəxslər 211 milyonun manat pulu mənimsəməkdə təqsirli bilinirlər.

Xatırladaq ki, C.Hacıyev, İ.Abdullayev, Y.Ələkbərov və İ.Hüseynov barələrində həbs qətimkan tədbiri seçilib. Həmin şəxslər hazırda həbsdədirlər. Digər 4 nəfər isə zamindədir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi