Yuxarı
    Bağlamaq

    ​Bu il Azərbaycanda məişət zorakılığı ilə bağlı 312 cinayət törədilib

    Birinci yarımillikdə iqtisadi sahədə 5 494 cinayət törədilib

    Bakı. 18 avqust. REPORT.AZ/ Bu ilin birinci yarısında Azərbaycanda aşkarlanmış hüquq pozucularının 82,9%-i cinayət məsuliyyətinə cəlb olunub. Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

    Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2014-cü ilin yanvar-iyun ayları ərzində ölkədə 12 231 cinayət faktı qeydə alınıb. Bu isə əhalinin hər 100 min nəfərinə hesabı ilə 128 cinayət hadisəsi deməkdir. Qeydə alınmış cinayətlərin 56,8%-i az ağır, 30,7%-i böyük ictimai təhlükə törətməyən, 12,5%-i ağır və xüsusilə ağır cinayətlərə aiddir.

    Hesabat dövründə cinayətlərin strukturunda 2 220-si şəxsiyyət əleyhinə, 5 494-ü iqtisadi sahədə törədilən, 3 787-si ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 730-u dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir. Qeydə alınmış cinayətlərin 133-ü qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 183-ü qəsdən sağlamlığa ağır zərər vurma, 11-i işgəncə vermə, 16-sı adam oğurluğu (o cümələdən, 15-i evlənmək məqsədilə qadın oğurluğu) cinayətlərinə aiddir.

    Hesabat dövründə 104 cinayət hadisəsi xarici ölkələrin, onların 18-i MDB ölkələrinin vətəndaşları tərəfindən törədilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə rüşvət cinayətləri 61,0%, qanunsuz sahibkarlıq cinayətləri 34,3%, insan alveri ilə bağlı və torpaq üzərində mülkiyyət hüququnu pozma cinayətləri 24,0%, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər 15,6%, xuliqanlıq cinayətləri isə 9,6% azalıb. Eyni zamanda, narkotiklər və güclü təsiredici vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 1 822 cinayət hadisəsi qeydə alınıb və onların 28,1%-i satış məqsədi ilə törədilib.

    Əməliyyat istintaq tədbirləri nəticəsində ötən il qeydə alınmış cinayətlərin 46,2 %-i açılıb. Açılmış cinayətlərin 836-sı əvvəllər cinayət törətmiş, 540-ı qrup şəklində, 200-ü sərxoş vəziyyətdə, 181-i 18 yaşadək uşaqlar tərəfindən və ya onların iştirakı ilə, 330-u isə narkomanlar və ya narkotik təsir altında olan şəxslər tərəfindən törədilib.

    Aşkar olunmuş hüquqpozucuların 77,2%-i əmək qabiliyyətli yaşda olub, heç bir yerdə oxumayan və işləməyənlər, 13,0%-i əvvəllər cinayət törətmiş şəxslər, 4,6 faizi sərxoş vəziyyətində olan şəxslər, 5,9 faizi qadınlar, 3,2%-i isə 18 yaşadək uşaqlar olub.

    Hesabat dövründə qeydə alınmış 312 cinayət hadisəsi məişət zorakılığı ilə bağlı olub və onların 10,3%-i sərxoş vəziyyətdə, 9,6%-i əvvəllər cinayət törətmiş şəxslər tərəfindən törədilib. Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 93,9%-i qəsdən sağlamlığa az ağır və yüngül zərər vurma, 1,3%-i qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 4,8%-i isə digər cinayətlərdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi