Bu il avtomobili sərxoş vəziyyətdə idarə edən 8000 sürücü cərimələnib

Bu il avtomobili sərxoş vəziyyətdə idarə edən 8000 sürücü cərimələnib Reyd zamanı kobud qayda pozuntusuna yol verən 60-dan artıq sürücü cərimələnib
Hadisə
12 Avqust , 2017 14:50
Bu il avtomobili sərxoş vəziyyətdə idarə edən 8000 sürücü cərimələnib

Bakı. 12 avqust. REPORT.AZ/ Bakı şəhərində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, həmçinin yol-nəqliyyat hadisələrinin qarşısının alınması, əsasən gecə saatlarında ictimai qaydanın tam təmin edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmıtindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, bu istiqamətdə Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) əməkdaşları tərəfindən qayda pozuntularına yol verən sürücülərə qarşı mübarizəni daha da gücləndirmək məqsədi ilə xüsusi əməliyyat qrupu yaradılıb və mütəmadi reydlər keçirilir.

Paytaxt ərazisində keçirilən sonuncu belə reyd əsasən avtomobili sərxoş vəziyyətdə idarə edən, nəqliyyat vasitəsinə əlavə səsgücləndirici vasitələr əlavə edən, polisin qanuni “saxla” əmrinə tabe olmayan və digər ciddi qayda pozuntuları törədən sürücülərə qarşı yönəlib və kobud qayda pozuntusuna yol verən 60-dan artıq sürücü cərimələnib.

Reyd zamanı avtomobili sərxoş vəziyyətdə idarə edən sürücülər saxlanılıb. Nizami rayonu ərazisində dayandırılan “Land Rover” markalı avtomobilin sürücüsünün yoxlama zamanı sükan arxasına sərxoş vəziyyətdə əyləşdiyi məlum olub.

Avtomobili sərxoş vəziyyətdə idarə edən daha bir sürücü Binəqədi rayonunda saxlanılıb. “Mersedes GL” markalı avtomobilin sürücüsü Loğman Hacıyev əvvəlcə avtomobili içkili halda idarə etmədiyini bildirsə də, həkim müayinəsi zamanı sürücünün sərxoş vəziyyətdə olduğu sübuta yetirilib.

DİN-dən bildirilib ki, avtomobili sərxoş vəziyyətdə idarə edən sürücülər yol polisləri tərəfindən aşkar olunduğu təqdirdə əksər hallarda öz aqressiv davranışları ilə seçilirlər: "Belə sürücülərdən birinə də Səbail rayonu Badamdar qəsəbəsində yol polisi tərəfindən saxlama işarəsi verilib. Amma sürücü tabe olmayaq idarə etdiyi “Mersedes” markalı avtomobili yaşadığı ünvana qədər idarə edib. Avtomobili saxlayandan sonra sürücü yol polislərinə fiziki müqavimət göstərməkdən belə çəkinməyib. Sürücünün şəxsiyyəti dəqiqləşdirilən zaman onun Səbail rayon sakini X.S. olduğu müəyyənləşdirilib. Onunla aparılan profilaktik söhbətdən sonra sürücü avtomobili sərxoş vəziyyətdə idarə etdiyini etiraf edib. Reyd zamanı saxlanılan nəqliyyat vasitələri DYPİ-nin müvəqqəti mühafizə olunan dayanacağına yerləşdirilib".

BŞBPİ DYPİ-nin bölmə rəisi polis polkovniki V.Əsədovun sözlərinə görə, 2017-ci ilin ilk 6 ayı ərzində paytaxt ərazisində avtomobili sərxoş vəziyyətdə idarə edən 8000 sürücü barəsində qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq qaydada qanuni tədbir görülüb.

Bakı Şəhər DYPİ əməkdaşları tərəfindən paytaxt ərazisində kobud qayda pozuntularına yol verən sürücülərə qarşı reydlər mütəmadi olaraq bundan sonra da davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi