Yuxarı

BŞİH-in maşını ilə toqquşan avtomobil alışıb, sürücü yanaraq ölüb

Avtomobil yararsız hala düşdüyü üçün markasını müəyyən etmək mümkün olmayıb

Bakı. 17 avqust. REPORT.AZ/ Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə rayonun Balaxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini 1980-ci il təvəllüdlü Zaur Əsgərovun idarə etdiyi “Kommunal Xidmətlər Müəsisəsi” MMC-yə məxsus “MAN” markalı məişət tullantıları daşıyan maşınla markası məlum olmayan avtomobil toqquşub.

Hadisə nəticəsində markası məlum olmayan avtomobil yanıb. Avtomobilin sürücüsü olan 25-30 yaşlı şəxs ölüb. Avtomobil yararsız hala düşdüyü üçün markasını müəyyən etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinəyət işi başlanılıb, istintaq davam etdirilir.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısının 13 avqust 2012-ci il tarixli 357 saylı sərəncamı ilə BŞİH-in tabeliyində təsis edilmiş “Kommunal Xidmətlər Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti struktur vahidi kimi Bakı Şəhər Mənzil – Kommunal Təsərrüfatı Departamentinin tabeliyinə verilib və Bakı şəhər İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti sədrinin 13/3 saylı 26 fevral 2013-cü il tarixli sərəncamı ilə Bakı şəhərinin ərazisində əmələgəlmə mənbəyindən asılı olmayaraq bütün bərk məişət tullantılarının mərkəzləşdirilmiş qaydada yığılması, daşınması və zərərsizləşdirilməsi üçün müvafiq müəssisəyə təhvil verilməsi, bu xidmətlərlə bağlı fiziki və hüquqi şəxslərlə müqavilələrin bağlanması və sanitariya-təmizlik tədbirləri çərçivəsində digər işlərin görülməsi “Kommunal Xidmətlər Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi