"Bravo" marketin müdir müavini firma işçiləri tərəfindən döyülüb - YENİLƏNİB

"Bravo" marketin müdir müavini firma işçiləri tərəfindən döyülüb - YENİLƏNİB Yaralı ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib
Hadisə
4258
22 İyun , 2018 12:27
Bravo marketin müdir müavini firma işçiləri tərəfindən döyülüb - YENİLƏNİB

Bakı. 22 iyun. REPORT.AZ/ Pənah Ruşanovun yaxınlarının "Report"a verdiyi məlumata görə, o, "Bravo"nun "Bülbül Ekspres" filialında satıcı deyil, marketin müdir müavini vəzifəsində çalışır: "Dünən ora bir firmadan üzərində istehsal tarixi olmayan mal gətirilib. Pənah Ruşanov belə malı qəbul edə bilməyəcəklərini bildirib. Bir qədər söhbətdən sonra firmanın nümayəndəsi ondan məsələnin iş otağında müzakirə olunmasını xahiş edib. Pənah razılaşaraq onu iş otağına dəvət edib. Otağa girdikdən sonra isə firmanın nümayəndəsi gözlənilmədən Pənah Ruşanovun başına ağır zərbə endirib. O, huşunu itirərək yerə yıxılıb. Qarşı tərəf isə buna əhəmiyyət verməyərək qapını arxadan bağlayıb heç kəsin içəri daxil olmasına imkan vermədən ona zərbələr endirib. Nəticədə Pənah Ruşanov kəllə-beyin travması alıb, burnu üç yerdən sınıb. Marketin işçiləri zorla qapını açaraq onu huşsuz halda yerdən qaldırıb xəstəxanaya çatdırıblar".

Qohumlarının bildirdiyinə görə, hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. Lakin axşam saatlarında onun ata-anası xəstəxanaya P.Ruşanovun yanına gələrək, oğlanlarının əvəzindən üzr istəyib, onu bağışlamasını xahiş ediblər: "Pənah Ruşanov yaşlı valideynlərin xahişini yerə salmayaraq şikayət ərizəsini geri götürüb".


*** 07:40

Bakı. 22 iyun. REPORT.AZ/ Nəsimi rayonunda marketdə satıcı döyülərək xəsarət alıb.

"Report"un xəbərinə görə, hadisə Bülbül prospektində baş verib.

Belə ki, "Bravo" marketlər şəbəkəsinin "Bülbül Ekspres" filialında əlbəyaxa dava olub. Filialda satıcı işləyən 1993-cü il təvəllüdlü Rusanov Pənah Rauf oğlu mağazaya ərzaq gətirən firma işçiləri ilə mübahisə edib. Mübahisə nəticəsində o, döyülərək ağır xəsarət alıb. 

Yaralı təcili yardım xidməti vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

İlkin araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi