Yuxarı

Zərərçəkmiş: "Böyrəyimi 10 min manata satırdım, qan qrupum uyğun gəlmədi"

"Böyrəyimi 10 min manata satırdım, qan qrupum uyğun gəlmədi"

Bakı Ağır Cinayətlər Məhkəməsində insan orqanı alveri ilə məşğul olmaqda təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən zərərçəkən Fərid Qocayev bildirib ki, böyrəyini 10 min manata satmağa razılaşsa da, qan qrupu uyğun gəlmədiyinə görə alınmayıb. Belə ki, şəxsiyyət vəsiqəmdə qan qrupunun +1 olduğu yazılsa da, müayinədən keçən zaman +3 olduğu məlum olub.

O qeyd edib ki, böyrəyini maddi çətinlik üzündən satmaq istəyib: "Bibim oğlu Zaur Tağıyev də böyrəyini satmışdı, fikirləşdim ki, bu yolla bəzi problemlərimi həll edə bilərəm".

F.Qocayevin sözlərinə görə, əvvəlcə müayinə üçün Vahiblə birlikdə Bakıdakı “Elmed” klinikasına gedərək qan analizi verib. "Oradan çıxıb birbaşa pasport almağa getdik. Vahib 160 manat verib bir günə ona pasport aldı. İki gün sonra Vahib taksi ilə böyrəyini satmaq istəyən Ceyhun adlı başqa bir oğlanla məni İrana göndərdi. Ora çatanda gördük ki, özü də bir qadın və oğlu, bir nəfər də nisbətən yaşlı kişi ilə birlikdə gəldi. Mənim böyrəyim qadının oğluna, Ceyhunun böyrəyi isə həmin yaşlı kişiyə köçürülməli idi”.

Onları müayinə edən iranlı həkim Mohsen Tahiri ona qan qrupuna görə, Ceyhuna isə səhhətindəki başqa bir problemlə əlaqədar donor ola bilməyəcəklərini deyib.

Proses iyulun 19-da davam edəcək.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan Respublikası vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. V.Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb ediliblər.

Ona qarşı CM-in 137 (insan orqan və toxumalarının alqı-satqısı, onların transplantasiya məqsədilə götürülməsinə məcbur etmə), 144-1 (insan alveri), 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işində 27 zərərçəkmiş var. Donorların müayinəsi İranda, orqan köçürmələri isə Gürcüstanda və Tacikistanda baş tutub.

Hər əməliyyata görə iranlı həkim Mohsen Tahiriyə 10 min, transplantasiyanın həyata keçirildiyi xəstəxanaya isə 8 min dollar pul ödənildiyi bildirilir.

Bu böyrək köçürmələri ilə əlaqədar Gürcüstanda fəaliyyət göstərən “Lancet” tibb mərkəzinin azərbaycanlı rəhbəri Fərman Ceyranlı və M.Tahiri haqqında cinayət işi ayrılıb.

Xatırladaq ki, Azərbaycan dövləti hazırda Gürcüstanda həbsdə olan Fərman Ceyranlını beynəlxalq axtarışa verib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi