"Böyrək əməliyyatı" işi üzrə məhkəmədə şahidlər ifadə verib

"Böyrək əməliyyatı" işi üzrə məhkəmədə şahidlər ifadə verib Bakı Ağır Cinayətlər Məhkəməsində insan orqanı alveri ilə məşğul olmaqda təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
2 Sentyabr , 2019 17:11
Böyrək əməliyyatı işi üzrə məhkəmədə şahidlər ifadə verib

Bakı Ağır Cinayətlər Məhkəməsində insan orqanı alveri ilə məşğul olmaqda təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Əli Nuriyev ifadə verib.

O bildirib ki, azyaşlı övladında böyrək xəstəliyi olub, 2015-ci ildə Vahab Xidadatov ona böyrək tapmaqda və Tbilisidə əməliyyat etdirməkdə kömək edib. Şahid əlavə edib ki, övladı üçün böyrəyi Rüstəm adlı şəxsdən alıb və təxminən, 15 min manat ödəyib. O suallara cavab olaraq uşağının böyrəyində yenə də problem yarandığını, hazırda dializdə olduğunu bildirib.

Ə.Nuriyev təqsirləndiriləndən şikayətinin olmadığını bildirib.

Təqsirləndirilən V.Xudadatov bildirib ki, Ə.Nuriyevin ödədiyi pul donora, həkimlərə ödənib, ona isə zəhmət haqqı olaraq 1000 manat qalıb.

Digər şahid Sevil Səfərli də bildirib ki, oğlu Vüsal böyrək çatışmazılığından əziyyət çəkib: "Vüsalın vəziyyəti o qədər pisləşmişdi ki, dəfələrlə komaya düşmüşdü. Hətta həyatını itirmək təhlükəsi yaranmışdı. V.Xudadatov böyrək tapmaqda və əməliyyat edilməkdə köməklik etdi, onu yenidən həyata qaytardıq. 12500 dollar pul verdik və əməliyyat Gürcüstanda oldu".

Suallara cavabdan məlum olub ki, bu məbləğin 500 dolları Vahaba zəhmət haqqı olaraq çatıb.

Böyrək köçürülən Səfərli Vüsal da anası ilə oxşar məzmunlu ifadə verib və V.Xudadatovdan şikayətçi olmadığını bildirib.

Proses sentyabrın 9-da davam edəcək.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan Respublikası vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. V.Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb ediliblər.

Ona qarşı CM-in 137 (insan orqan və toxumalarının alqı-satqısı, onların transplantasiya məqsədilə götürülməsinə məcbur etmə), 144-1 (insan alveri), 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işində 27 zərərçəkmiş var. Donorların müayinəsi İranda, orqan köçürmələri isə Gürcüstanda və Tacikistanda baş tutub.

Hər əməliyyata görə iranlı həkim Mohsen Tahiriyə və transplantasiyanın həyata keçirildiyi xəstəxanaya pul ödənildiyi bildirilir.

Bu böyrək köçürmələri ilə əlaqədar Gürcüstanda fəaliyyət göstərən “Lancet” tibb mərkəzinin azərbaycanlı rəhbəri Fərman Ceyranlı və M.Tahiri haqqında cinayət işi ayrılıb.

Xatırladaq ki, Azərbaycan dövləti hazırda Gürcüstanda həbsdə olan Fərman Ceyranlını beynəlxalq axtarışa verib.

Son xəbərlər

Orphus sistemi