Bakı. 14 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda və vergi ödəməkdən yayınmada təqsirləndirilən Nəsib Həsənovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
"Report"un xəbərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, N.Həsənovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
İttiham aktına əsasən, N.Həsənov “Binə” Ticarət Mərkəzində valyutadəyişmə məntəqəsində işləyən Arif Hacıyevə qarşı dələduzluq edib.
O, A.Hacıyevin etibardan sui-istifadə edərək iş görmək adı ilə 21 min 700 manat və 14 min ABŞ dolları alıb. Pulu alanda bildirib ki, “Karqo-terminal”da ticarət mərkəzinin adına Çin Respublikasından gələn malları çıxaracaq, onları təhvil verib, pullarını yığaraq qısa müddətdə A.Hacıyevə borcunu qaytaracaq. Amma həmin pulu qaytarmayıb.
N.Həsənov “Binə” Ticarət Mərkəzində “Karqo Terminal”da işləyib.
Cinayət işində ümumilikdə 4 zərərçəkmiş var. Həmçinin qeyd olunub ki, N.Həsənov sahibkarlıqla məşğul olub, “Binə” Ticarət Mərkəzində mağaza işlədib. O, vergi ödəməkdən yayınmada təqsirli bilinib. Onun Vergilər Nazirliyinə 27 min manat vergi borcu olub.
N.Həsənov istintaqdan yayındığı üçün Azərbaycan hüquq-mühafizə orqanları biznesmeni axtarışa verib. Sonra N.Həsənov Azərbaycan ərazisində saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Həsənov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.